Təsvir
Sumqayıt Apelyasiya Məhkəməsi apelyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan ibarətdir.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Kompleksinin layihəsi hazırlanmışdır və kompleksin inşası 2021-ci ildə başa çatmışdır. 2021-ci ilin sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən və 6 məhkəməni – Sumqayıt Apellyasiya, regional Ağır Cinayətlər, İnzibati və Kommersiya, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edən Sumqayıt Məhkəmə Kompleksində innovasiyalar və digər avadanlıqlarla təchiz olunmaqla yaradılan müasir şərait təxminən 1 milyon 460 min əhaliyə rahat və əlçatan, keyfiyyətli məhkəmə xidmətlərinin göstərilməsinə yönəlib.
Sumqayıt Apellyasiya Məhkəməsi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi - birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.
16 iyul 2007-ci il tarixindən fəaliyyətə başlamış Sumqayıt Apellyasiya Məhkəməsi cinayət, mülki, inzibati, kommersiya, inzibati xətalara və digər materiallara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.
Sumqayıt Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, Cinayət, Mülki, İnzibati və Kommersiya kollegiyalarından ibarətdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və ya apellyasiya protestləri üzrə işlərə baxır.
Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır:
- Sumqayıt Ağır Cinayətlər Məhkəməsi;
- Bakı Hərbi Məhkəməsi (Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);
- Sumqayıt Inzibati Məhkəməsi;
- Sumqayıt Kommersiya Məhkəməsi;
- Sumqayıt Şəhər Məhkəməsi;
- Abşeron Rayon Məhkəməsi;
- Xaçmaz Rayon Məhkəməsi;
- Xızı Rayon Məhkəməsi;
- Qobustan Rayon Məhkəməsi;
- Quba Rayon Məhkəməsi;
- Qubadlı Rayon Məhkəməsi;
- Qusar Rayon Məhkəməsi;
- Siyəzən Rayon Məhkəməsi;
- Şabran Rayon Məhkəməsi;
- Şamaxı Rayon Məhkəməsi;
- Şuşa Rayon Məhkəməsi;
- Zəngilan Rayon Məhkəməsi.
Telefon:
(018)-655-03-03E-mail:
contact@sumqayitappealcourt.gov.azÜnvan:
Sülh prospekti 70, Sumqayıt Məhkəmə Kompleksi.