29 iyul 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında məhkəmənin 2020-ci ilin birinci yarısındakı fəaliyyətinə dair Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Rəyasət Heyətinin iclası videoformatda həyata keçirilmişdir.

İclasda Rəyasət Heyətinin üzvləri - Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, sədrin müavini Nazim Mövsümov, Mülki kollegiyanın sədri Telman Quliyev, Cinayət kollegiyasının sədri Vidadi Cəfərov, İnzibati kollegiyanın sədri Hökümə Babayeva və Kommersiya kollegiyasının sədri vəzifəsini icra edən Zaur Məmmədov iştirak etmişdir.

Həmçinin, iclasa Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Nafiz Nəsibov, Mülki kollegiyanın sədri Sənan Hacıyev, İnzibati kollegiyanın sədri Xəqani Məmmədov, Kommersiya kollegiyasının sədri Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin Xidməti araşdırmalar idarəsinin rəisi Anar Cəfərov və Sumqayıt Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri qoşulmuşlar.

İclası giriş sözü ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir. İclasın gündəliyinə Sumqayıt Apelyasiya Məhkəməsinin məhkəmə kollegiyalarının 2020-ci ilin birinci yarısında baxdıqları işlər barədə cinayət, mülki, inzibati və kommersiya kollegiyalarının sədrlərinin hesabatlarının dinlənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında olan işlərə 2020-ci ilin birinci yarısında Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılması vəziyyətinə dair hesabatın dinlənilməsi, 2018-2019-cu illərdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış cinayət işlərində birinci instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş səhvlərin ümumiləşdirilməsi, 2018-2019-cu illərdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış cinayət işlərində birinci instansiya məhkəmələri tərəfindən maddi hüquq normalarının tətbiqində yol verilmiş səhvlərin ümumiləşdirilməsi və 2018-2019-cu illərdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış iddia ərizəsinin geri qaytarılmasına dair mülki işlərdə birinci instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş səhvlərin ümumləşdirilməsi daxil edilmişdir.

İclasın gündəliyinə uyğun olaraq məhkəmənin kollegiya sədrləri tərəfindən 2020-ci ilin birinci yarısında baxılmış işlər barədə, sədrin müavini Nazim Mövsümov tərəfindən 2020-ci ilin birinci yarısında Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış işlər barədə hesabatlar təqdim olunmuşdur.

Daha sonra Sumqayıt Apelyasiya Məhkəməsinin 2020-ci ilin birinci yarısına dair İş planına əsasən hazırlanmış və sədrin müavini Nazim Mövsümov tərəfindən təqdim olunmuş 2018-2019-cu illərdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış cinayət işlərində birinci instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş səhvlərə dair”, Cinayət kollegiyasının sədri Vidadi Cəfərov tərəfindən təqdim olunmuş “2018-2019-cu illərdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış cinayət işlərində birinci instansiya məhkəmələri tərəfindən maddi hüquq normalarının tətbiqində yol verilmiş səhvlərə dair”, Mülki kollegiyanın sədri Telman Quliyev tərəfindən təqdim olunmuş “2018-2019-cu illərdə Sumqayıt Apelyasiya Məhkəməsində baxılmış iddia ərizəsinin geri qaytarılmasına dair mülki işlərdə birinci instansiya məhkəmələri tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş səhvlərə dair” ümumləşdirilmələr badərə məlumat verilmişdir.

Qeyd olunan ümumləşdirmələr iclas iştirakçıları, o cümlədən Ali Məhkəmənin kollegiya sədrlərinin iştirakı ilə geniş müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır. Birinci instansiya məhkəmələrinin yol verdiyi səhvlər və nöqsanlar diqqətə çatdırılmışdır.

Daha sonra, Ali Məhkəmənin kollegiya sədrləri Hafiz Nəsibov, Sənan Hacıyev, Kəmalə Abıyeva və Xəqani Məmmədov çıxış edərək Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayətlərinə baxılması vəziyyətinə dair məlumat vermiş, işlərə baxılarkən müəyyən olunmuş nöqsanları hakimlərin diqqətinə çatdırmış və tövsiyələr vermişlər. Həmçinin, Ali Məhkəmənin hakimləri çıxışlarında konkret işlər üzrə müəyyən olunmuş məhkəmə təcrübəsinə dair və Ali Məhkəmədə aparılan islahatlar barədə məlumat vermişlər.

Gündəlikdə olan məsələlərə dair Rəyasət Heyətinin üzvləri tərəfindən açıq səsvermə yolu ilə qərarlar qəbul edilmişdir.

Rəyasət Heyətinin iclasını Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi yekunlaşdıraraq, Azərbaycan Respublikasında məhkəmə-hüquq sistemində aparılan islahatlardan danışmış, ölkə başçısı cənab İlham Əliyevin fərman və sərəncamlarını diqqətə çatdırmış, hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamışdır.