Tədbirdə Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri və aparat işçiləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi bildirmişdir ki, müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Demokratik Respublikasının yaranması bütün region üçün əlamətdar tarixi hadisə olmuşdur. Cəmi 2 il mövcud olmasına baxmayaraq, o dövrdə qəbul edilmiş qərarlar, dövlət quruculuğu yolunda atılmış addımlar ölkəmizin tarixində xüsusi yer tutur. 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycan ağır siyasi və iqtisadi böhranlarla üz-üzə qalsa da, bu çətinliklərin öhdəsindən gələ bilib. Qısa müddət ərzində davamlı inkişaf yoluna qədəm qoyan Azərbaycan hazırda regionun iqtisadi baxımdan ən güclü dövləti, beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Səadət Bəktaşi bu nailiyyətlərin qazanılmasında ümummilli lider Heydər Əliyevin və onun uzaqgörən daxili və xarici siyasətinin həlledici rol oynadığını xüsusilə vurğulayıb. O, Heydər Əliyev dövlətçilik kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri Elman Rəhimov, Mübariz Zeynalov, Azər Hüseynov və Şəmsəddin Abasov Azərbaycanın dövlətçilik tarixi, müstəqil Azərbaycanın keçdiyi tarixi yol və nailiyyətləri barədə ətraflı məlumat vermişlər.