Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi Abşeron rayon məhkəməsində, sədrinin müavini Nazim Mövsümov Xaçmaz, Quba və Qusar rayon məhkəmələrində, Cinayət Kollegiyasının sədri Vidadi Cəfərov Sumqayıt şəhər və Qubadlı rayon məhkəmələrində, Mülki Kollegiyanın sədri Telman Quliyev Xızı, Siyəzən və Şabran rayon məhkəmələrində, İnzibati kollegiyanın sədri Hökümə Babayeva Zəngilan rayon, habelə Sumqayıt İnzibati və Sumqayıt Kommersiya məhkəmələrində, Kommersiya Kollegiyasının sədri vəzifəsini icra edən Zaur Məmmədov Qobustan və Şamaxı rayon, habelə Sumqayıt  İnzibati və Sumqayıt Kommersiya məhkəmələrində həmin məhkəmənin hakimlərinin və aparatının işçilərinin iştirakı ilə iclas keçirmişlər.

İclasda Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə 2020-ci il mayın 19-da videokonfrans formatında keçirilmiş müşavirə barədə məlumat verilmişdir.

İclasda məhkəmələrdə əmək və icra intizamının gücləndirilməsi, süründürməçilik, sui-istifadə hallarına, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara yol verilməməsi, vətəndaşların müraciətlərinin obyektiv araşdırılması, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinə ciddi əməl olunması tövsiyə edilmişdir. Ədalət mühakiməsinin səmərəliliyinin və məhkəmələrə inamın artırılmasının zəruriliyi vurğulanmışdır. Hakim adına və nüfuzuna xələl gətirən halların, o cümlədən qeyri-prosessual münasibətlərin qarşısının alınması üzrə qəti tədbirlərin görüləcəyi iclas iştirakçıların diqqətinə çatdırılmışdır.

Bundan başqa, nöqsanların aradan qaldırılması istiqamətində işin təşkili ilə bağlı hakim köməkçilərinə və məhkəmə iclas katiblərinə, həmçinin məhkəmə aparatının digər işçilərinə üzərlərinə düşən vəzifələrə dair, habelə əmək və icra intizamına ciddi əməl etmələri ilə bağlı tapşırıqlar verilmişdir.

Həmçinin, müvafiq məhkəmələrin icraatında olan işlərə apelyasiya qaydasında baxılarkən müəyyən olunmuş nöqsanlar və qanun pozuntuları diqqətə çatdırılmış, gələcəkdə həmin nöqsanlara yol verilməməsi tövsiyə olunmuşdur.