20 may 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında Rəyasət Heyətinin üzvlərinin və məhkəmənin hakimlərinin iştirakı ilə iclas keçirilmişdir. İclası giriş sözü ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir.

İclasın gündəliyinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə 2020-ci il mayın 19-da videokonfrans formatında keçirilmiş müşavirədə qarşıya qoyulmuş tapşırıq və tövsiyələrin məhkəmənin hakimlərinin diqqətinə çatdırılması daxil edilmişdir.

Sədrlik edən keçirilmiş müşavirədə Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin tapşırıq və tövsiyələrini hakimlərin diqqətinə çatdırdı. Əmək və icra intizamının gücləndirilməsi, işlərə baxılarkən süründürməçilik, sui-istifadə, korrupsiya əməllərinə şərait yaradan hallara yol verilməməsi, vətəndaşların müraciətlərinin obyektiv araşdırılması, ədalət mühakiməsinin həyata keçirilməsi prinsiplərinə ciddi əməl olunması tövsiyə edilmişdir. Hakim adına və nüfuzuna xələl gətirən halların, o cümlədən qeyri-prosessual münasibətlərin qarşısının alınması üzrə qəti tədbirlərin görüləcəyi iclas iştirakçıların diqqətinə çatdırılmışdır.

Hakimlərə onlara təhkim olunmuş işçilərin əmək və icra intizamına nəzarətin artırılmasının vacibliyi bildirildi.

19 may 2020-ci il tarixdə keçirilmiş müşavirədən irəli gələn tapşırıq və tövsiyələrin məhkəmənin yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimlərinə və aparatının işçilərinə çatdırılması və müzakirə edilməsi üçün Rəyasət Heyətinin üzvlərinin həmin məhkəmələrə ezam edilməsi qərara alındı.

Sədrlik edən Rəyasət Heyətinin iclasını yekunlaşdıraraq, hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılmasını, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamışdır.