14 iyul 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Rəyasət Heyətinin iclası videoformatda həyata keçirilmişdir.

İclasda Rəyasət Heyətinin üzvləri - Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi, sədrin müavini Nazim Mövsümov, Mülki kollegiyanın sədri Telman Quliyev, Cinayət kollegiyasının sədri Vidadi Cəfərov, İnzibati kollegiyanın sədri Hökümə Babayeva və Kommersiya kollegiyasının sədri vəzifəsini icra edən Zaur Məmmədov iştirak etmişdir.

Həmçinin, iclasa Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev, Qusar Rayon Məhkəməsinin sədri Adil Vəliyev və həmin məhkəmələrin hakimləri qoşulmuşlar.

İclası giriş sözü ilə Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir. İclasın gündəliyinə Xaçmaz və Qusar rayon məhkəmələrində 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair hesabatın dinlənilməsi daxil edilmişdir.

Rəyasət Heyətinin sədri S.Bəktaşi bildirdi ki, 2020-ci 12 və 13 iyul tarixlərində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər. Düşmən qüvvələrin hücumunun qarşısı  cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub, 3 nəfər isə yaralanıb. 

Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir.

Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır.

Dünən, iyul ayının 13-də ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilmiş, mövcud vəziyyət geniş müzakirə olunmuşdur. Ölkə başçısı bildirmişdir ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbiçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğraı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Hərbiçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik.

Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısının bundan sonra da layiqincə alınacağı, vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyü bildirildi.

Allah şəhidlərimizə rəhmət eləsin.

S.Bəktaşi daha sonra bildirdi ki, məlum olduğu kimi Azərbaycan Respublikasında koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və zəruri tədbirlər görülüb. Cənab Prezidentin imzaladığı sərəncam və fərmanlara əsasən Nazirlər Kabineti yanında Operativ Qərargah, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Mübarizənin effektivliyini artırmaq üçün Prezidentin Ehtiyat Fondundan lazımi vəsait ayrılıb.  

Ölkə başçısı bildirmişdir ki, pandemiya zamanı bizim üçün əsas prioritet insanların sağlamlığının qorunması və sosial müdafiəsidir. Bu məqsədlə qısa müddətdə 40-dan çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Ölkədə 29 sınaq laboratoriyası fəaliyyət göstərir. İndiyədək 576 min test keçirilib. Epidemiya dövründə Bakıda “Yeni klinika” tibb müəssisəsi və bir neçə modul tipli xəstəxana kompleksi istifadəyə verilib. Pandemiyadan zərər çəkən iqtisadiyyat sektorlarını, işsizləri, işini itirənləri, aztəminatlı vətəndaşları və hətta qeyri-rəsmi işlə məşğul olanları dəstəkləmək üçün Azərbaycan dövləti 3 milyard manatdan çox vəsait ayırıb.

Pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əlaqədə olub. ÜST-ün fikrincə, Azərbaycan pandemiyaya qarşı mübarizədə model ölkələrdən biri hesab olunur. 

Koronavirus pandemiyası dünyadakı vəziyyəti tamamilə dəyişdi, nəticədə yeni reallıqlar ortaya çıxdı. Lakin Azərbaycan yeni vəziyyətə tez və adekvat reaksiya verdi. Bunu Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən,  Qoşulmama Hərəkatının Təmas Qrupunun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının koronavirusa qarşı mübarizəyə həsr olunmuş Zirvə toplantıları sübut edir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin Xüsusi İclasının çağrılmasını 130-dan artıq dövlət dəstəkləmişdir.

Azərbaycanın 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr, tibbi maskalar və digər zəruri avadanlıqlar göndərmiş, koronavirusla mübarizə üçün ÜST-ə 5 milyon ABŞ dolları ayırmış, Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün əlavə 5 milyon ABŞ dolları ayrılmış, bir çox ölkələrə humanitar yardım göndərilmişdir. 

Hazırda ölkəmizdə pandemiyaya qarşı aparılan işlər geniş miqyasda davam etdirilir.

Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizi üzərimizə qoyduğu öhdəliklərə, tapşırıq və tövsiyələrə əməl etməklə  Koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısı alınacaqdır.

Bundan sonra, Xaçmaz Rayon Məhkəməsində 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair həmin məhkəmənin sədri Xıdır Quliyevin hesabatı dinlənilmişdir.

Daha sonra, Qusar Rayon Məhkəməsində 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair həmin məhkəmənin sədri Adil Vəliyevin hesabatı dinlənilmişdir.

Rəyasət Heyətinin üzvləri Xaçmaz və Qusar Rayon məhkəmələrinin icraatında olan işlərə apelyasiya qaydasında baxılarkən həmin məhkəmələr tərəfindən yol verilən bir sıra nöqsanları hakimlərinin diqqətinə çatdırılmış, bununla bağlı müzakirələr və fikir mübadiləsi aparılmış, bəzi kateqoriya işlər üzrə apelyasiya instansiyası məhkəməsinin mövqeyini bildirmiş, məhkəmə təcrübəsinə əməl edilməsi tövsiyə edilmişdir.

Gündəlikdə olan məsələlərə dair Rəyasət Heyətinin üzvlərinin açıq səsvermə yolu ilə qərar qəbul etmişlər.

Rəyasət Heyətinin iclasını Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi yekunlaşdıraraq, hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamışdır.