09 iyun 2017-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında hakimlərin iştirakı ilə seminar-məşğələ keçirilmişdir.

İclasda konkret işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsində kassasiya şikayətləri və protestləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi səbəbləri müzakirəyə çıxarılmışdır.

İclasda həmçinin, hakim Afaq Nuriyevanın məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12.04.2017-ci il tarixli və hakim Azər Hüseynovun məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2016-cı il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16.03.2017-ci il tarixli qərarları müzakirəyə çıxarılmışdır.

Daha sonra, Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi Hakimlərin Davranışı üzrə Banqalor Prinsipləri barədə danışmış, həmin Prinsiplərin Hakimlərin Etik Davranış Kodeksi ilə müqayisəli təhlilini vermişdir.

Qeyd olunan qərarlar və Hakimlərin Davranışı üzrə Banqalor Prinsipləri hakimlərin fəal iştirakı ilə müzakirə edilmiş və fikir mübadiləsi aparılmışdır.