Daxil ol

Daxil ol

Şirvan Apellyasiya Məhkəməsi

Dövlət qulluğuna qəbul qaydası

https://courts.gov.az/az/shirvanappeal/page/Dovlt-qulluguna-qbul-qaydasi_2048

2017-10-22 10:43:42

Dövlət qulluğuna qəbul qaydası

 

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunundan çıxarış

 

V fəsil. Dövlət qulluğu keçmə

 

Maddə 27. Dövlət qulluğuna qəbul edilmək hüququ

27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,  yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin  tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.
27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
27.2.1. onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq  edilərsə;
27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların  valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda; 
27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
27.2.5. qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın  qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.
 
Maddə 28. Dövlət qulluğuna qəbul
 
28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.
Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.
Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.
28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.
28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.
28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.
 
Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi
 
28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.
28-1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.
 
Maddə 29. İnzibati vəzifələrin tutulması 
 
29.1. İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. 
29.2. Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər.
Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.
Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 29.4-cü, 29.6-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir.
29.3. Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması müsahibə yolu ilə həyata keçirilir.
İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə (daxili müsahibə) keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. 
Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.
29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir.
Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur.
29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Bu maddənin birinci hissəsi məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur.
29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə, 5 nəfərdən ibarət tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma. 
29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.

 

 

"Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul" Qaydaları

 

 

Azərbaycan Respublikası Prezidentinin 
2009-cu il 24 iyun tarixli 108 nömrəli 
Fərmanı ilə təsdiq edilmişdir.

 

 

Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul

QAYDALARI

 

1. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər.

 2. Digər qanunvericilik aktları ilə tənzimlənən hallar istisna olmaqla, bu Qaydalar dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul, o cümlədən müsabiqənin elan edilməsi, keçirilməsi və onun yekunlarına dair müvafiq qərar qəbul edilməsi məsələlərini tənzimləyir.

 3. On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları dövlət qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

 4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanlarında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra — Komissiya) müsabiqə elan edir. Elan Komissiyanın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Elanda vakant vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən dövlət qulluğunda işləmək üçün lazım olan şərtlər göstərilir.

 İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir və həmin vəzifələri tutan dövlət qulluqçularının vəzifə təlimatları müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən bu şərtlərə uyğun olaraq hazırlanır.

 5. Dövlət qulluğuna qəbul edilmək üçün vətəndaşlar (bundan sonra - namizədlər) müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində Komissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müraciət elektron və ya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Bu qaydalarda nəzərdə tutulmuş test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər aşağıdakı sənədləri Komissiyaya təqdim edirlər:

 5.1. ərizə;

 5.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;

 5.3. kadrlar uçotunun şəxsi vərəqəsi;

 5.4. ali təhsil haqqında sənədin surəti;

 5.5. əmək kitabçasının surəti (olduğu halda);

 5.6. ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu halda);

 5.7. sağlamlıq haqqında arayış;

 5.8. dövlət qulluqçularının bəzi kateqoriyaları üçün qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər.

 Sənədlərin surətləri müəyyən edilmiş qaydada təsdiq edilir.

 6. Namizədlərin sənədlərinin qəbulu aşağıdakı qaydada keçirilir:

 6.1. sənədlərin qəbulu üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir;

 6.2. Komissiya sənədlərin tamlığını, onların qanunvericiliklə və bu Qaydalarla müəyyən edilmiş şərtlərə uyğunluğunu yoxlayır;

 6.3. təqdim olunmuş sənədlər yoxlanılarkən onlar natamam olduqda və ya bu Qaydalara uyğun olmadıqda, habelə sənədlərdə uyğunsuzluq aşkarlandıqda, həmin sənədlər 3 iş günü müddətində namizədlərə qaytarılır və qeyd olunan hallar aradan qaldırıldıqdan sonra müəyyən olunmuş müddət çərçivəsində qəbul edilir.

 Namizədlərin sənədləri qəbul edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada onların dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır.

 Dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılır.

 Namizəd müsabiqədən kənarlaşdırıldıqda, ona Komissiya tərəfindən 5 iş günü müddətində müsabiqədən kənarlaşdırılmasının səbəbləri izah olunan rəsmi cavab verilir.

 7. Müsabiqə test imtahanından və müsahibədən ibarət olur.

 8. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları inzibati vəzifələrin təsnifatı nəzərə alınmaqla Komissiya tərəfindən müəyyən edilir.

 Test imtahanının müəyyən edilmiş qaydada keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər qurumlar cəlb edilə bilər. Bu halda həmin qurumlar test imtahanının keçirilməsi üçün öz səlahiyyətləri daxilində zəruri tədbirləri görməlidir.

 9. Test imtahanının nəticələri haqqında məlumat Komissiyanın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Namizədin tələbi əsasında ona 2 gün müddətində test imtahanında topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir. Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə ən azı 75 faizini, inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

 10. Test imtahanından müvəffəqiyyətlə çıxanlar bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş sənədləri 10 iş günü ərzində Komissiyaya təqdim edir və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

 11. Müsahibənin keçirilməsi üçün Komissiya tərəfindən müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasına müvafiq dövlət orqanlarının və Komissiyanın nümayəndələri daxil olur. Onun tərkibinə habelə müvafiq sahələr üzrə alim və mütəxəssislər də cəlb edilə bilər. Müsahibə komissiyasının reqlamenti, müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydaları və keçid balları Komissiya tərəfindən müəyyən edilir.

 Komissiya müsahibənin keçirildiyi yer və vaxt barədə 5 gün əvvəlcədən namizədlərə məlumat verir. Müsahibəyə buraxılan namizədlərin siyahısı müsahibəni aparan müsahibə komissiyasının rəhbərinə hər dəfə müsahibə keçirilən gün müsahibə başlanmazdan əvvəl verilir.

 Müsahibə başlanarkən müsahibə komissiyasının rəhbəri tərəfindən namizədlərin siyahısı elan edilir və müsahibə komissiyasının üzvlərindən etirazları olub-olmaması soruşulur. Yaxın qohumluq və ya şəxsi yaxınlıq münasibətində olduqda, müsahibə komissiyasının üzvü özünə etiraz verir. Namizəd əsaslar olduqda, müsahibə komissiyasının hər hansı bir üzvünə etiraz edə bilər. Belə etiraz müsahibə başlanmazdan əvvəl olmalıdır.

 Hər bir namizədlə müsahibə fərdi qaydada ən azı 20 dəqiqə aparılır və müsahibənin nəticələri balla qiymətləndirilir.

 12. Müsahibənin nəticələri haqqında məlumat Komissiyanın rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Namizədin tələbi əsasında ona 2 gün müddətində müsahibənin nəticəsi üzrə topladığı bal haqqında Komissiya tərəfindən təsdiq edilmiş formada arayış verilir.

 13. Test imtahanından və müsahibədən müvəffəqiyyətlə çıxmış namizədlər müsabiqədən keçmiş hesab edilirlər.

 14. Komissiyanın rəhbəri ona təqdim edilən test imtahanının və müsahibənin keçirilməsi barədə arayışa əsasən müsabiqənin yekununa dair müvafiq qərar qəbul edir.

 Qanunvericiliklə başqa qayda nəzərdə tutulmadıqda, elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün 5 iş günü müddətində müvafiq dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat verməlidir.

 Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində Komissiyada və dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr olduqda, namizədlər onların razılığı ilə analoji vəzifələrə təyin edilməli və təyin olunduğu gündən 5 iş günü müddətində Komissiyaya bu barədə məlumat verilməlidir. Həmin müddət ərzində digər dövlət orqanlarında analoji vakant vəzifələr olduqda, Komissiya qeyd olunan namizədləri onların razılığı ilə analoji vəzifələrə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim edir və təyin olunduğu gündən 5 iş günü müddətində bu barədə namizədin ehtiyat kadr kimi saxlandığı dövlət orqanına məlumat verir.

 Müəyyən olunmuş iki il bitdikdən sonra və ya həmin müddət ərzində namizədlər inzibati vəzifələrə təyin edildikdə onlar ehtiyat kadrlar siyahısından çıxarılırlar.

 15. Komissiya müsabiqənin yekununa dair müvafiq qərar qəbul edildiyi gündən iki il müddətində test imtahanının və müsahibənin keçirilməsi ilə bağlı sənədlərin, o cümlədən namizədlərin cavab kartlarının saxlanılmasını təmin edir.

 16. Test imtahanının və ya müsahibənin nəticələri ilə razı olmayan namizəd həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən 5 iş günü müddətində Komissiya tərəfindən təşkil edilmiş apellyasiya komissiyasına şikayət verə bilər. Apellyasiya komissiyası şikayətçinin cavab kartını, müvafiq arayışı və digər materialları ərizəçinin iştirakı ilə müqayisə edib araşdırır. Şikayətin baxılması nəticələrinə dair müvafiq qərar çıxarılır. Namizəd bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

 17. Müsabiqənin keçirilməsi ilə əlaqədar bütün xərclər dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində maliyyələşdirilir.

 

 

 

Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi 

QAYDALARI

 

I. Ümumi müddəalar

1. Bu Qaydalar «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci və 29-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyul tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 10.8-ci bəndinə uyğun olaraq hazırlanmış, həmin Qanununun 8.1-ci maddəsində göstərilən dövlət orqanlarında dövlət qulluğuna qəbul və inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan, barəsində müsahibə elan edilən boşalmış vəzifələrin (bundan sonra – müvafiq vəzifələr) tutulması üçün namizədlərlə müsahibənin keçirilməsi qaydasını müəyyən edir.

2. Müsahibənin keçirilməsində məqsəd dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün namizədlərin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü, müvafiq vəzifə üçün zəruri olan digər keyfiyyətlərini yoxlamaqla müvafiq vəzifəyə yararlılığını müəyyən etməkdir.

3. Müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (bundan sonra - Komissiya) nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan tərkibdə yaradılmış müsahibə qrupu (komissiyası) tərəfindən keçirilir. Müsahibə qrupuna (komissiyasına) psixoloqlar, müvafiq sahələr üzrə alim və mütəxəssislər cəlb edilə bilər.

 

II. Müsahibə keçirilməsinin prinsipləri

və nəticələrinin qiymətləndirilməsinin meyarları

 4. Müsahibə qrupunun (komissiyasının) işi qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil edilir.

Qanunçuluq – müsahibə təşkil olunarkən və keçirilərkən dövlət qulluğu sahəsində qanunvericiliyin tələblərinə ciddi əməl edilməsini nəzərdə tutur.

Obyektivlik – müsahibənin nəticələrinin və namizədlərin müvafiq vəzifəyə yararlılığının yalnız namizədlərlə aparılmış müsahibə əsasında və bu Qaydaların 5-ci bəndində müəyyən edilmiş meyarlar rəhbər tutulmaqla qiymətləndirilməsini nəzərdə tutur.

Bərabərlik – bütün namizədlərin, onların irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak və qulluq vəziyyətindən, dinə münasibətindən, əqidəsindən, siyasi partiyaya, ictimai və ya digər birliyə mənsubiyyətindən asılı olmayaraq müsahibənin keçirilməsi ilə əlaqədar eyni hüquqlara malik olması və eyni vəzifələr daşımasını, həmçinin bütün namizədlərlə müsahibənin eyni qaydada keçirilməsini və namizədin müvafiq vəzifəyə uyğunluğunun eyni meyarlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Şəffaflıq və aşkarlıq – müsahibənin açıq şəraitdə keçirilməsini, bu zaman audio-video çəkilişdən istifadə olunmasına, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin müsahibədə müşahidəçi qismində iştirak etmələrinə icazə verilməsini və müsahibənin nəticələrinin açıq elan olunmasını nəzərdə tutur.

5. Müsahibə qrupu (komissiyası) namizədlərin müvafiq vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:

5.1. Bilik səviyyəsi - ixtisas üzrə bilikləri, müvafiq vəzifə üzrə nəzəri bilikləri, müvafiq vəzifənin tələblərinə uyğun olan səviyyədə zəruri qanunvericilik və xarici dil bilikləri;

5.2. Peşə hazırlığı – müvafiq vəzifənin tələblərinə uyğun iş təcrübəsi, yenidənhazırlıq, ixtisasartırma və s. proqramlarda iştirakı, qulluq funksiyalarının icrası zamanı bilik və təcrübəsinin düzgün tətbiqi;

5.3. Ümumi dünyagörüşü – təbiətdə, dünyada və cəmiyyətdə baş verən hadisələrə və mövcud reallıqlara, habelə bu hadisələr və reallıqlar içində insanın yeri və roluna olan baxışlar sistemi, həmçinin bu baxışlardan irəli gələn düşüncə, ideya, prinsiplərin qavranması;

5.4. Müvafiq vəzifə üçün zəruri olan digər keyfiyyətlər – vətənpərvərlik, emosional stabillik, səmimilik, özünütənqid, iradə, ünsiyyət qurmaq, yaradıcılıq, təşəbbüskarlıq, analitik təhlil, problem həlletmə, qərarvermə, nüfuzetmə qabiliyyətləri və s.

 

 III. Müsahibəyə hazırlıq və bununla əlaqədar

həll olunan təşkilati məsələlər

 

 6. Müsahibənin keçirildiyi vaxt və yer barədə ən azı beş gün əvvəlcədən namizədlərə məlumat verilir. Müsahibə qabaqcadan elan olunmuş vaxtda Komissiyanın müəyyən etdiyi yerdə keçirilir.

 7. Müsahibə keçirilən gün müsahibə başlamazdan əvvəl müsahibəyə buraxılan namizədlərin siyahısı və şəxsi işləri müsahibə qrupuna (komissiyasına) təqdim edilir. Müsahibə qrupunun (komissiyasının) rəhbəri siyahıda göstərilmiş namizədləri elan edir və müsahibə qrupunun (komissiyanın) üzvlərindən onların öz üzvlükləri barədə bu bənddə nəzərdə tutulmuş etirazlarının olub-olmamasını soruşur.

 Müsahibə qrupunun (komissiyasının) üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən və ya müsahibənin digər prinsiplərinin pozulmasına səbəb ola bilən hallar mövcud olduqda özü özünə etiraz edir. Namizəd belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl müsahibə qrupunun (komissiyasının) hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

 8. Bu Qaydaların 7-ci bəndinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə barəsində etiraz verilmiş şəxslər həmin etirazların verilməsinə səbəb olmuş namizədlərə münasibətdə müsahibə qrupunun (komissiyasının) işində iştirak edə bilməzlər.

 Əgər etiraz nəticəsində müsahibə qrupunun (komissiyasının) öz vəzifələrini yerinə yetirməsi qeyri-mümkün olarsa, müsahibə qrupu (komissiyası) yenidən təşkil olunur.

 9. Müsahibə namizədin arzusu ilə audio-video çəkilişdən istifadə edilməklə, yaxud ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və ya digər müşahidəçilərin iştirakı ilə keçirilir, bir şərtlə ki, belə çəkilişlər və ya iştirak müsahibənin keçirilməsinə, eləcə də müsahibə qrupunun (komissiyasının) normal fəaliyyətinə maneçilik törətməsin.

 Əgər belə maneçilik halları müvafiq xəbərdarlıqdan sonra yenə də təkrar olunarsa, müsahibənin protokolunda qeyd olunmaqla, audio-video çəkilişlər və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan oluna bilər.

 

 IV. Müsahibənin keçirilməsi

 10. Müsahibə, müsahibə qrupu (komissiyası) tərəfindən namizədlərə bu Qaydanın 5-ci bəndində nəzərdə tutulmuş məsələlərlə əlaqədar suallar, tapşırıqlar verilməsi və namizəd tərəfindən həmin sualların cavablandırılması, tapşırıqların həll edilməsi yolu ilə həyata keçirilir.

Suallar konkret, aydın olmaqla namizədin nəzəri biliklərinin, tapşırıqlar isə, onların həlli üçün qısa zaman tələb olunmaqla praktiki vərdişlərinin, bacarığının müəyyən edilməsi üçün verilir.

Hər bir namizədlə müsahibə fərdi qaydada və ən azı 20 dəqiqə aparılır. Müsahibə Azərbaycan Respublikasının dövlət dilində aparılır.

11. Müsahibə qrupunun (komissiyasının) üzvləri müsahibə zamanı aşağıda göstərilən tələblərə əməl etməlidirlər:

11.1. namizədin şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmalı, onunla münasibətdə diqqətli və səbirli olmaq;

11.2. müsahibənin əsas hissəsini namizədi dinləməklə keçirmək;

11.3. namizədə öz fikirlərini formalaşdırıb sərbəst ifadə etməyə maneçilik törətməmək, onun mövzudan kənara çıxdığı hallar istisna olmaqla, sözünü kəsməmək;

11.4. namizədə müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməmək;

11.5. müsahibənin keçirildiyi otağı tərk etməmək və rabitə vasitələrindən istifadə etməmək;

11.6. müsahibənin hər hansı kənar təsir və müdaxilə olmadan sərbəst şəraitdə aparılmasını təmin etmək.

12. Namizəd müsahibə zamanı aşağıdakı tələblərə riayət etməlidir:

12.1. müsahibə qrupunun (komissiyasının) üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

12.2. suallara mövzu ətrafında, dolğun cavab vermək, tapşırıqları mümkün qədər qısa vaxt ərzində həll etmək;

12.3. özünün müvafiq vəzifəyə yararlı olub-olmaması barədə müsahibə qrupunun (komissiyasının) üzvlərinin fikrini soruşmamaq;

12.4. müsahibənin keçirildiyi otağı tərk etməmək və rabitə vasitələrindən istifadə etməmək.

 

V. Müsahibə nəticələrinin qiymətləndirilməsi

13. Müsahibənin nəticələri balla qiymətləndirilir.

14. Müsahibə ilə bağlı müsahibə qrupunun (komissiyasının) üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi keçirilə bilər.

15. Müsahibə qrupunun (komissiyasının) üzvü müstəqil şəkildə namizədi bu Qaydaların 5-ci bəndində göstərilən hər bir meyar üzrə beşballı qiymət sistemi üzrə qiymətləndirir və hər bir meyar üzrəverilmiş qiymətləri toplayaraq namizəd barədə ümumi bal çıxarır və “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirir (1 nömrəli Əlavə).

Müsabiqənin müsahibə mərhələsində müsahibə qrupunun (komissiyasının) üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda Komissiyanın sədri tərəfindən müsahibənin nəticəsi ləğv edilə bilər və bu halda yeni müsahibə qrupu (komissiyası) yaradılır.

16. Müsahibə qrupunun (komissiyasının) üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş qiymətlər “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində öz mülahizələri ilə tam əsaslandırılmalıdır.

17. Müsahibə qrupunun (komissiyasının) üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar toplanılır və toplanmış bal qrup (komissiya) üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli Əlavə).

18. Keçirilmiş müsahibədən 16 və ya daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər müvafiq dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, müvafiq vəzifənin tutulması barədə qərar qəbul edir.

Müsahibə qrupunun (komissiyasının) üzvləri tərəfindən namizəd iddia etdiyi inzibati vəzifənin təsnifatından daha aşağı təsnifat üzrə inzibati vəzifəyə uyğun hesab edilə bilər.

19. “Namizədin qiymətləndirilməsinə dair bal cədvəli” və “Yekun protokol” iki il müddətində Komissiyada saxlanılır.

20. Namizədin tələbi əsasında ona 2 gün müddətində müsahibənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.

Daxili müsahibənin nəticəsi barədə arayış namizədə müsahibənin keçirildiyi gündən 2 gün müddətində verilir.

21. Müsahibənin nəticəsi ilə razı olmayan namizəd həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən və ya daxili müsahibənin nəticəsi barədə arayış namizədə təqdim edildiyi gündən 5 iş günü müddətində Komissiya tərəfindən təşkil edilmiş apellyasiya komissiyasına şikayət verə bilər. Eyni zamanda müsahibə qrupunun (komissiyasının) üzvü müsahibənin keçirilməsinin obyektivlik və şəffaflıq prinsiplərinin pozulduğunu hesab etdiyi halda apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə 7 iş günü müddətində baxılıb, müvafiq qərar çıxarılır. Qərar namizədə 3 iş günü müddətində verilir. Namizəd bu qərardan qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verə bilər.

 

22. Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

sədrinin 2008-ci il  7  fevral tarixli 08  nömrəli əmri ilə təsdiq edilmişdir