23 fevral 2017-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin və Aparatın işçilərinin iştirakı ilə məhkəmənin inzibati binasında “Xocalı soyqırımının 25-ci ildönümü” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xocalı soyqırımının qurbanlarının ruhu bir dəqəqəlik sükutla yad edilmişdir.

     Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev tədbiri giriş sözü ilə açaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən və erməni qəsbkarlarının Xocalı sakinlərinin timsalında bütün Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırım siyasətinin buraxdığı acı izlərdən danışmışdır. Hər il Xocalı soyqırımının ildönümündə şəhidlərimizin yad edilməsinin, genişmiqyaslı tədbirlər keçirilməsinin xalqımıza qarşı törədilmiş bu ümumbəşəri cinayətin, onun qurbanlarının unudulmaması, vətənimizin övladlarında vətənpərvərlik ruhunun aşılanması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətindən danışan Rəşadət Ağayev həm də qeyd etmişdir ki, Dağlıq Qarabağ müharibəsinin cinayətkarlarının cəzasız qalması və Xocalı soyqırımının indiyədək öz hüquqi həllini tapmaması Azərbaycan xalqını birlik, vətəni müdafiə, xalqın rifahı naminə mübarizədən çəkindirmir, əksinə daha da gücləndirir.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun  Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının dünyaya tanıdılmasında misilsiz xidmətlərindən danışan sədr qeyd etmişdir ki, bu xidmətlərin nəticəsi olaraq, bu gün 2 dövlət və 1 beynəlxalq təşkilat-İslam Əmək Təşkilatı Xocalı soyqırımını tam səviyyədə, 10-dan çox dövlət və ABŞ-ın 21 ştatı parlament səviyyəsində Xocalı faciəsini qətliam kimi tanımış və bununla bağlı müvafiq sənədlər qəbul etmişlər.

     R.Ağayev həmçinin, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başlanılmış “Xocalıya ədalət” kompaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyətindən söz açmışdır.

    Tədbirdə çıxış edən hakimlər Qəzənfər Kərimov, Amil Dosiyev və məhkəmənin əməkdaşlarından Elsun Bəyalıyev Xocalı faciəsinin qurbanlarına rəhmət diləmiş və qeyd etmişlər ki,  Azərbaycan xalqı dünya xalqları arasında daim öz mübarizliyi, haqsızlıqla barışmazlığı ilə seçilmişdir. Azadlıq uğrunda mübarizənin nəticəsi olaraq bu gün Azərbaycan xalqı müstəqildir və hər bir Azərbaycan övladı bilsin ki, xalq vahid, vətən uğrunda mübarizəyə hazır, övladlarımız vətəni müdafiə ruhunda böyüdüyü müddətdə Azərbaycan xalqı bölünməzdir və ərazi bütövlüyümüz tezliklə bərpa olunacaqdır.