Tədbirdə iştirak edən birinci və apelyasiya instansiya məhkəmələrinin hakimləri və əməkdaşları, ədliyyə orqanlarının işçiləri, Şirvan şəhər icra hakimiyyətinin Başçısı müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevə öz ehtiramlarını bildirərək,  abidəsi önünə gül dəstələri qoymuşlar.

  Sonra Şirvan Regional ədliyyə idarəsinin akt zalında davam etdirilən tədbiri giriş sözü ilə açan Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev 101 yaşlı Azərbaycan ədliyyəsinin keşmişini və bu gününü diqqətə çatdıraraq ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafında müstəsna xidmətlərini xatırlatmış, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd etmişdir. Daha sonra, sədr Rəşadət Ağayev bu sahəyə daim diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair Sərəncamlarını qeyd edərək bildirilmişdir ki, bu gün Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirmişdir.

  Həmçinin sədr ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərdən, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasından bəhs edərək, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etməklə məhkəmələrə etimadın və məhkəmə sisteminin nüfuzunun daha da yüksəldilməsinə səbəb olacağını, aparılan islahatların ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə, hüquq sisteminin inkişafına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb.

  Sonda Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev Azərbaycan ədliyyəsinin və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə başda Azərbaycan Respublikasının Ədliyyə Naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov olmaqla respublikanın bütün ədliyyə işçilərini təbrik edərək, öz şərəfli vəzifələrində qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzuladı.

  Daha sonra çıxış edən Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov,  Şirvan Apelyasiya Məhkəməsinin hakimləri Zeynal Zeynalov, İlham Əsədov, Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanov, Şirvan Regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov bir daha  Azərbaycan ədliyyəsinin tarixinə nəzər salaraq, son illər ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığını və bu sahədə əldə olunan nailiyyətləri qeyd edərək, Azərbaycan ədliyyəsinin keyfiyyətcə yeni mərhələyə keçid aldığını tədbir iştirakçılarının diqqətinə çatdırmış, ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər.

  Ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir ədliyyə işçilərinin, hakimlər və məhkəmə aparatı işçilərinin Şirvan şəhər Mərkəzi Xəstəxanasında ənənəvi xarakter almış könüllü qanvermə aksiyası ilə başa çatdı.