Müşavirədə Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev, sədrin müavini Ələsgər Novruzov, mülki kollegiyanın sədri Zəki Babayev, Aparatın rəhbəri Ramil İsayev, Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan bir sıra birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak etmişdirlər.

Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev müşavirədə ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması ilə yanaşı Avropa hüquq məkanına daxil olması, Konstitusiyaya və bir sıra qanunvericilik aktlarına edilən müvafiq əlavə və dəyişikliklərə uyğun olaraq insan hüquq və azadlıqlarının daha dolğun müdafiəsinin təmin edilməsi baxımından məhkəmə-hüquq sistemində fəaliyyətin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin gücləndirilməsi və müasirləşdirilməsi zərurətini doğurmaqla məhkəmə islahatının davam etdirilməsini şərtləndirən amilləri vurğulayaraq davamlı tərəqqi naminə hər bir sahəni əhatə edən islahatların məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə aparılan islahatların dərinləşməsini ön plana çıxardığını, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyəti, məhkəmə fəaliyyətinin səmərələliyinin artırılması ilə günün tələbləri səviyyəsində qurulmasına yönəlmiş  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı, bu Fərmanla məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, hazırkı mərhələdə müasir tələblərə cavab verən və kompleksli davamiyyəti şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı prespektivini əks etdirən “yol xəritəsi” olduğunu qeyd etmiş, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmələndirilməsi istiqamətində mühüm tədbirlərin görülməsi, işlərə baxılarkən ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsinə dair tövsiyələr vermişdir.

Həmçinin müşavirədə Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov, mülki kollegiyanın sədri Zəki Babayev tərəfindən məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər diqqətə çatdırılaraq, məhkəmələrdə hakimlər tərəfindən işlərə baxılarkən ciddi nöqsanlara yol verilməsi, cinayət işlərində qətimkan tədbirinin seçilməsi və müddətlərinin uzadılması barədə təqdimatlara, eləcə də cinayət işlərinə baxılarkən, həbsdə saxlama müddətinin hesablanmasında ən çox yol verilən nöqsanlar, prosessual məcburiyyət tədbirləri ilə əlaqədar təqdimatlara baxılarkən təqdimatın verilmə müddətinin kifayət qədər yoxlanılmadığı və aşkar olunan pozuntuların cinayət prosesini həyata keçirən orqanların diqqətinə çatdırılmadığı, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına baxılarkən məhkəməyədək icraatın aparılma müddətlərinə diqqət edilməməsi və yol verilmiş pozuntulara reaksiya göstərilməməsi, bəzən məhkəməyədək sadələşdirilmiş icraat materiallarında tanış etmə qaydaları pozulsa da, hazırlıq iclaslarında işlərin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının təmin edilməməsi, mülki işlərdə nikahın pozulmasına dair iddia ərizələrinə baxılarkən uşağın hansı valideynin yanında qalması, alimentin təyin olunması məsələlərinə ümumiyyətlə qiymət verilməməsi, uşağın alınıb verilməsinə dair işlərə baxılarkən himayəçilik və qəyyumluq orqanının nümayəndəsinin dəvət edilməməsi, 10 yaşına çatmış uşaqların fikrinin dinlənilməməsi, alimentin miqdarının dəyişdirilməsi barədə mülki işlərə baxılarkən tərəflərin maddi vəziyyəti, alimentin miqdarının dəyişdirilməsi əsaslarının yoxlanılmaması, xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların təsdiqi zamanı xüsusilə çoxsaylı nöqsalara yol verildiyi, bəzən əhəmiyyətli fakt digər qaydada təsdiq olunsa da yenidən məhkəmə qaydasında təsdiq olunduğu, bəzən isə ümumiyyətlə qanun yol vermədiyi halda həmin hüquqi əhəmiyyətli faktın məhkəmələr tərəfindən təsdiq edildiyi, məhkəmə iclas protokollarının qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmaması, qəbul edilmiş məhkəmə aktlarının iş üzrə tərəflərə gec göndərilməsi,  vətəndaşların əsassız get-gələ salınması, süründürməçilik hallarına yol verilməsi, ümumilikdə məhkəmə işinin təşkilinin aşağı səviyyədə olması və vətəndaş məmnunluğunun təmin edilməməsi halları vurğulanmışdır.

Müşavirənin yekununda sədr Rəşadət Ağayev müşavirədə səslənən nöqsanlardan ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hər bir hakimin ciddi nəticə çıxarmasının vacibliyini vurğulayaraq onu da qeyd etdi ki, bu il ərzində Şirvan Apelyasiya Məhkəməsində işlərə apelyasiya qaydasında baxılarkən birinci instansiya məhkəmələri hakimləri tərəfindən ciddi qanun pozuntularına yol verilməsi aşkarlanaraq iki hakim barəsində xüsusi qərar qəbul edilərək Məhkəmə-Hüquq Şurasına göndərilmişdir. Ona görə də icraatlarında olan işlərə baxarkən qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı öz tövsiyyələrini bir daha hakimlərin diqqətinə çatdırmışdır.