25 fevral 2019-cu il tarixdə Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin və Aparatın əməkdaşlarının iştirakı ilə məhkəmənin inzibati binasında “Xocalı soyqırımının 27-ci ildönümü” ilə əlaqədar tədbir keçirilmiş, Xocalı soyqırımının qurbanları anılaraq ruhları bir dəqəqəlik sükutla yad edilmişdir.

     Tədbiri giriş sözü ilə açan Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 27 il ötdüyünü qeyd edərək bu faciənin erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi olmasını, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğınının genosid faktı və insanlığa qarşı ən ağır cinayətlərdən olmasını bildirmişdir.

    Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsinin ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra mümkün olduğunu, 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclisin 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərdiyini, təşəbbüslər irəli sürdüyünü, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırdığını, bunun isə beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən son dövrdə Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı Qətnamədə öz əksini tapdığını, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasının Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynamasının böyük əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir ki, Xocalı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına, sülh və ədalət çağırışlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar.

     Daha sonra çıxış edən hakimlər Qəzənfər Kərimov, Zəki Babayev, Aparatın əməkdaşları Anar Şükürlü, Rəşad Səmədov Xocalıda körpələrə, qocalara, qadınlara divan tutulduğunu, amansız və ağılasığmaz işgəncələr verildiyini, misli görünməyən təcavüz həyata keçirildiyini bildirərək beynəlxalq təşkilatların bu məsələdə passiv mövqe nümayiş etdirdiklərini, BMT-nin qəbul etdiyi 4 Qətnamənin kağız üzərində qaldığını, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya birtərəfli fəaliyyəti nəticəsində işğalın və təcavüzün Ermənistan tərəfindən hələ də davam etdirildiyini, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumulduğunu, Xocalı faciəsinin, ümumilikdə Azərbaycan xalqına qarşı törədilmiş haqsız cinayətlərin, müsibətlərin unudulmaması və qan yaddaşımızın gələcək nəsillərin də yaddaşında möhkəmləndirilməsi məqsədilə maarifləndirilməsini özlərinə mənəvi borc bildiklərini qeyd edərək, vətən uğrunda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləmişlər.