26 fevral 2020-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin və Aparatın əməkdaşlarının iştirakı ilə məhkəmənin inzibati binasında “Xocalı soyqırımının 28-ci ildönümü” ilə əlaqədar anım tədbiri keçirilmiş, faciə qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib və Xocalıda törədilən qanlı hadisələr, dinc sakinlərin amansızcasına qətlə yetirilməsi, yüzlərlə insanın əsir götürülməsi, şəhərin tamamilə dağıdılması barədə ətraflı məlumat verib.

Sədr Rəşadət Ağayev faciə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlər göstərdiyini, həmçinin, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində xüsusi layihələrin hazırlandığını və silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər hakim Zeynal Zeynalov, Aparatın əməkdaşları Hikmət Əmiraslanov, Anar Şükürlü  Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışaraq, Xocalının ağır tank və digər zirehli hərbi texnikanın gücü ilə yer üzündən silinməsini, körpə, uşaq, qoca, qadına fərq qoymadan insanların amansızlıqla, ağlasığmaz vəhşiliklə qətlə yetirilməsini, əsirlərə görünməmiş işgəncələrlə divan tutulmasını, Xocalı faciəsinin, ümumilikdə Azərbaycan xalqına qarşı törədilmiş haqsız cinayətlərin, müsibətlərin unudulmaması və qan yaddaşımızın gələcək nəsillərin də yaddaşında möhkəmləndirilməsi məqsədilə maarifləndirilməsini özlərinə mənəvi borc bildiklərini qeyd edərək, vətən uğrunda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləmişlər.