14 iyul 2017-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin və Aparatın işçilərinin iştirakı ilə məhkəmənin inzibati binasında “Şirvan Apellyasiya Məhkəməsinin fəaliyyətinin 10 illiyi”nə həsr olunmuş tədbir keçirilmişdir.

Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev tədbiri giriş sözü ilə açaraq, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə regionlarda yaradılmış apellyasiya məhkəmələrinin Azərbaycan Respublikasının məhkəmə sistemində əhəmiyyətindən danışaraq, müasir məhkəmə islahatlarından və son illərdə məhkəmə binalarının yenilənməsi istiqamətində görülən tədbirlərdən söz açmışdır.

Daha sonra Rəşadət Ağayev Şirvan Apellyasiya Məhkəməsinin 10 illik fəaliyyəti ərzində kadr dəyişiklikləri ilə bağlı, məhkəmənin yuxarı kateqoriya orqana hakim və birinci instansiya məhkəmələrinə rəhbər təyin olunmuş hakimləri barədə, öz üzərilərində çalışıb ixtisasları üzrə daha yüksək vəzifələrə (hakim, prokurorluq orqanlarının əməkdaşı) təyin olunmalarına nail olmuş Şirvan Apellyasiya Məhkəməsinin Aparatının sabiq əməkdaşları barədə, bir sözlə məhkəmənin hakimlərinin və Aparatın əməkdaşlarının öz xidməti fəaliyyətləri ilə bağlı əldə etdiyi uğurlar barədə məlumat vermiş, Aparatın bütün əməkdaşlarına öz gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlər  arzulamışdır.

Rəşadət Ağayev son illər Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında aparılan yenidənqurma işlərindən də söz açaraq, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası məqsədi ilə görülmüş işlərdən, məhkəmədə işlərin təşkilinin həmin Sərəncama uyğunlaşdırılmasından, kitabxana və arxiv işinin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından səmərələliləşdirilməsindən, məhkəmənin inzibati hissəsi ilə ictimai hissəsinin ayrılma prosesinin tamamilə başa çatmasından danışmışdır.

Məhkəmənin 10 illik fəaliyyətində həyata keçirilmiş proqressiv tədbirlərdən biri kimi ötən il Şirvan Apellyasiya Məhkəməsi sədrinin əmri ilə təsdiq olunmuş Aparatın Əsasnaməsinin önəmindən danışan Rəşadət Ağayev Əsasnamənin Aparatın işçiləri arasında vəzifə bölgüsünü müəyyən edən vəzifə təlimatını təsdiq etməklə, qulluq funksiyalarının icrasına məsuliyyət hissini gücləndirmək və onların fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə yaradıldığını qeyd etmişdir.

Sonda sədr Aparatın əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirlərinin stimullaşdırıcı tədbir vasitəsi kimi onları əmək fəaliyyətində öz bilik və bacarıqlarını daha da səylə nümayiş etdirmələrinə sövq etdiyini nəzərə alıb, cari tarixdə “Şirvan Apellyasiya Məhkəməsinin fəaliyyətinin 10 illiyi” münasibəti ilə qulluq funksiylarının icrasında fərqlənən əməkdaşlar barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsini qərara aldığını elan etmiş, bir daha əməkdaşları Şirvan Apellyasiya Məhkəməsinin fəaliyyətinin 10 illiyi münasibətilə təbrik edərək, bütün hakimlərə və Aparatın işçilərinə öz gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən, 2008-ci ildən  Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyən Zeynal Zeynalov və 2007-ci ildən  baş mühasib vəzifəsində işləyən Hüseyn Həbibov regionlarda yaradılmış apellyasiya məhkəmələrinin vətəndaşların məhkəmələrə gediş-gəliş imkanlarının asanlaşdırılmasında, müasir məhkəmə islahatlarının ədalət mühakiməsinin aparılmasının şəffaflaşdırılmasında əvəzsiz rolundan danışaraq, ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmiş və bütün əməkdaşlara uğurlar arzulamışlar.