05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il oktyabr ayının 25-nin Avropada mülki ədalət mühakiməsi günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu günün keçirilməsində məqsəd Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşının mülki hüquqlar və bu hüquqların həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılmasıdır.

Bu gün, vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.

Avropada mülki ədalət mühakiməsi günü ilə əlaqədar 25 oktyabr 2019-cu ildə, saat 09:00-dan 18:00-dək Şirvan Apelyasiya Məhkəməsində “Açıq qapı” günü keçirilmişdir.

   “Açıq qapı” gününün keçirilməsi məhkəmə aparatının məsləhətçiləri tərəfindən vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı qarşılaşdıqları problemlər üzrə izah tədbirlərinin keçirilməsi onlara müvafiq hüquqi məsləhətlərin verilməsi məqsədini daşımışdır. Qeyd edilən gün münasibəti ilə vətəndaşların qəbulu məhkəmə aparatının baş məsləhətçisi Maarif Qurbanov, böyük məsləhətçi Rafiq Fərəcli və aparıcı məsləhətçi Vüqar Qasımov tərəfindən həyata keçirilmişdir.

Məhkəmə aparatının məsləhətçiləri tərəfindən qəbul aparılan zaman müraciət edənlər dinlənilmiş, onlara müvafiq hüquqi məsləhətlər və izahlar verilmişdir.