Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin və əməkdaşlarının iştirakı ilə 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "Qanlı yanvar" adlı tədbir keçirilmişdir.Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. 

Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini  Ələsgər Novruzov tədbiri giriş nitqi ilə açaraq Azərbaycanın paytaxtı və digər rayonlarında yüzlərlə soydaşımızın qətli, yaralanması və itkin düşməsi ilə nəticələnən 1990-cı il 20 Yanvar faciəsindən 30 il ötdüyünü, hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 30-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunduğunu qeyd edərək 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xəbərdarlıq edilmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına tanklar və digər ağır hərbi texnikalar yeridildiyini, dinc əhalinin atəşə tutulduğunu, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarının silahlı hücuma məruz qaldığını, qadağan edilmiş silah və sursatdan istifadə edildiyini, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini, hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində Respublika televiziyasının enerji blokunun partladıldığını bildirdi. O dövrdə ümummilli liderimiz Heydər Əliyevin bu qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verdiyini, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdiyini, daha sonra Prezident olduğu dövrdə onun tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisinin xüsusi sessiya keçirərək bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verildiyini, 20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsasların mövcud olduğunu, bu hadisənin hər şeydən əvvəl BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktı olduğunu diqqətə çatdırdı.

Həmçinin müşavirədə Şirvan Apelyasiya Məhkəməsinin hakimləri Etibar Camalov, İlham Əsədov, Zeynal Zeynalov, Kamil Bəşirov çıxışlarında 1987-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqeyə, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsinə, etnik təmizləmə və soyqırımı siyasətinə etiraz edən xalqımızın haqq səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunun qarşısını almaq məqsədilə 20 Yanvar qırğını törədildiyini, 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlərin, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, xüsusilə də o vaxtkı SSRİ rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsasların mövcud olduğunu vurğulayaraq faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət dilədilər.