Əvvəlcə, Şirvan Apellyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev başda olmaqla, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri və əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyətinin, habelə hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları müstəqil dövlətimizin banisi, ümummilli lider Heydər Əliyevin xatirəsini anaraq abidəsi önündə gül dəstələri qoymuşlar.

    Daha sonra Ulu öndərin xatirəsini, keçdiyi şərəfli həyat yolunu yad etmək məqsədilə, Şirvan Apellyasiya Məhkəməsində dəyirmi masa ətrafında tədbir keçirilmiş, Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Şirvan Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Rafael Eyvazov müasir Azərbaycan dövlətinin memarı, dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının müstəqillik qazandıqdan sonra ən çətin, ən ağır günlərində xalqın son ümid yeri, xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin böhran, xaos içində olan dövlətimizə sülh, sabitlik, inkişaf gətirmək yönümündə atğı addımlardan, Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərindən danışmışdır. Rafael Eyvazov bəşəriyyətin nadir incilərindən olan ölməz qəhrəmanın irs qoyduğu vətənimizi sevməyi, qorumağı hər bir Azərbaycan vətəndaşının özünə  mənəvi borc bilməli olduğunu da qeyd etmişdir.

    R. Eyvazov öz çıxışında Ulu öndərin hüquq, ədliyyə sahəsinə olan diqqətini də vurğulayaraq, bu qayğının nəticəsində ölkəmizin hüquq, qanunvericilik sisteminin  Avropa standartarına uyğunlaşmasını təmin etmək yönümündə atılan addımları, o cümlədən Heydər Əliyevin əsasını qoyduğu və bu gün də davam etdirilən məhkəmə-hüquq sahəsində aparılan islahatları qeyd etmişdir.

    Tədbirdə çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zeynal Zeynalov da ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışaraq, Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd etmişdir.