İlk öncə tədbir iştirakçıları – Şirvan Apelyasiya Məhkəməsinin sədri Rəşadət Ağayev, birinci və apelyasiya instansiya məhkəmələrinin hakimləri, Şirvan Şəhər İcra Hakimiyyətinin, habelə hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları Şirvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə olan dərin ehtiramlarını bildirdilər.

    Sonra tədbir Şirvan Apelyasiya Məhkəməsinin hakimlərinin və əməkdaşlarının iştirakı ilə məhkəmənin inzibati binasında davam etdirildi. Çıxışlardan öncə ümummilli liderin müqəddəs ruhu sükutla yad edildi. Sədr Rəşadət Ağayev çıxışına başlayaraq fövqəlbəşər Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən geniş məhkəmə-hüquq islahatlarından söz açaraq, ümummilli liderin təşəbbüsü ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatlarının sonrakı dövrlərdə daha da genişləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılmış hüquqi islahatların məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin edilməsi, hakimlərin seçim prosedurunun yeni prinsiplər əsasında müəyyən edilməsi, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının təşkil edilməsi kimi sahələri əhatə etdiyini, bu islahatların bu gün də davam etdirildiyini, 2019-cu il 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalandığını, bu fərmanın son illər ölkədə siyasi, iqtisadi, sosial sahədə həyata keçirilən böyük islahatların məntiqi davamı olduğunu, əsas məqsədin məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəməyə inamın artırılması olan fərmanda məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün qanunvericilik, institusional və praktiki tədbirlərin görülməsinin nəzərdə tutulduğunu, bu islahatların həyata keçirildikdən sonra hər bir Azərbaycan vətəndaşının məhkəmə sistemindəki müsbət dəyişikliklərin şahidi olacağını diqqətə çatdırdı.

   Daha sonra, hakimlər Zeynal Zeynalov, İlham Əsədov böyük şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı həyatından, ali idarəçilik təcrübəsindən, çoxşaxəli fəaliyyətindən, onun uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı möhtərəm Prezident, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərək, geniş nitqlər söylədilər.

   Sonda sədr Rəşadət Ağayev bütün həyatını öz xalqına bəxş etmiş xalqımızın böyük oğlu Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyətinin Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini, Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağını vurğulayaraq əminliklə bildirdi ki, bütün istiqamətlərdə uğurla inkişaf edirik, inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır və biz bu siyasətə sadiqiq, biz tutduğumuz yoldan dönməyəcəyik, ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkə prezidenti İlham Əliyevlə daim irəli gedəcəyik.