Müşavirədə Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov, mülki kollegiyanın sədri Zəki Babayev, mülki kollegiyanın hakimi Tofiq Heydərov, Aparatın rəhbəri Ramil İsayev, Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan bir sıra birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak etmişdirlər.

Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov müşavirədə ölkə Prezidentinin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında»     03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdıraraq  məhkəmə islahatlarının dərinləşdirilməsi barədə proqram xarakterli Fərmanın imzalanması ilə bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyi bildirilmiş, onun məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün “yol xəritəsi” olduğu, nəzərdə tutulmuş tövsiyə və tapşırıqların dərhal icrasına başlanıldığı vurğulanıb. Qeyd edilib ki, əhalinin, xüsusilə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmənin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması barədə işlərin davam etdirilməsi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, habelə hakim ştatlarının sayının 200 vahid artırılması ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcəkdir. Məhkəmə fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və bununla bağlı məsuliyyət tədbirlərinin gücləndirilməsi barədə qarşıda qoyulan vəzifənin məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət etdiyi bildirilib. Hakimlərin fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən əməl edilməsinin vacibliyi vurğulanmışdır.

Həmçinin müşavirədə Şirvan Apelyasiya Məhkəməsinin sədr müavini Ələsgər Novruzov, mülki kollegiyanın sədri Zəki Babayev, mülki kollegiyanın hakimi Tofiq Heydərov tərəfindən məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər diqqətə çatdırılaraq, məhkəmələrdə hakimlər tərəfindən işlərə baxılarkən ciddi nöqsanlara yol verilməsi, məhkəmə iclas protokollarının qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmaması, qəbul edilmiş məhkəmə aktlarının iş üzrə tərəflərə gec göndərilməsi,  vətəndaşların əsassız get-gələ salınması, süründürməçilik hallarına yol verilməsi, ümumilikdə məhkəmə işinin təşkilinin aşağı səviyyədə olması və vətəndaş məmnunluğunun təmin edilməməsi halları vurğulanmışdır.

Müşavirənin yekununda sədr müavini Ələsgər Novruzov iclasda səslənən nöqsanlardan ədalət mühakiməsinin həyata keçirilməsi zamanı hər bir hakimin ciddi nəticə çıxarmasının vacibliyini vurğulayaraq işlərə baxarkən qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı öz tövsiyyələrini hakimlərin diqqətinə çatdırmışdır.