Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” layihəsinin icrasına müvafiq olaraq 28 noyabr 2016-cı il tarixində ilk dəfə Sabunçu Məhkəmə Kompleksi ilə Şəki Məhkəmə Kompleksi arasında video konfrans vasitəsi ilə distant formada “Məhkəmələrdə idarəetmənin səmərəliliyinin artırılması” mövzusunda məhkəmə aparatı işçiləri üçün ixtisasartırma kursu keçirilmişdir. Kursun distant formada həyata keçirilməsi müasir həyatımızın ayrılmaz hissəsi olan informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin məhkəmələrdə də geniş vüsət almasının əyani təzahürüdür. Şəki Apellyasiya Məhkəməsinin aparat işçiləri ilə yanaşı, kursda Şəki Məhkəmə Kompleksində fəaliyyət göstərən və apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid Şəki İnzibati-İqtisadi, Şəki Ağır Cinayətlər, Şəki Rayon, eləcə də ətraf rayonlardan, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən Rayon Məhkəmələrindən olmaqla, ümumilikdə 22 aparat işçisi iştirak etmişdir.

     Hər iki məhkəmə kompleksi arasında baş tutan video bağlantıdan sonra tədbiri giriş sözü ilə açan Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbir iştirakçılarını salamlamış və ilk dəfə distant formada keçirilən kursun əhəmiyyətindən danışaraq yaradılan şəraitə görə Şəki Apellyasiya və Bakı Şəhər Sabunçu Rayon Məhkəmələrinin sədrlərinə öz minnətdarlığını ifadə etmişdir.

    Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov da öz növbəsində tədbir iştirakçılarını salamlayaraq həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində əldə olunan nailiyyətlərdən bəhs etmiş və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında ölkə başçısının 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası ilə bağlı görülən tədbirlərin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyini vurğulamışdır.

    Tədbirdə çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ilk öncə iştirakçıları salamlamış və Şəki Məhkəmə Kompleksində toplaşan məhkəmə aparatı işçilərinin uzaq məsafə qət etmədən distant formada keçirilən kursda iştirak etmələrini məhkəmə tarixində əlamətdar hadisə kimi qeyd etmişdir. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamından məlumat verən məhkəmə sədri son illər yeni inşa edilmiş məhkəmə binalarının və komplekslərin sözügedən Sərəncamın icrasının həyata keçirilməsi üçün ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunduğunu vurğulamış və kursun video konfrans vasitəsi ilə keçirilməsinin görülən işlərin nəticəsində əldə olunan nailiyyətlərin tərkib hissəsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda formalaşan təcrübə, hətta Avropa ölkələri tərəfindən də örnək kimi qəbul olunmuş və Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bütün üzv dövlətlər arasında yayılan xüsusi nəşrində buna ayrıca bölmə həsr edilmişdir.

    Salamlama nitqindən sonra Akademiyanın prorektoru Elçin Xələfov ölkə başçısının “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə bağlı öz fikrini bölüşərək tədbir çərçivəsində tədris olunan mövzular barəsində qısa məlumat verib məruzəçilərə və dinləyicilərə uğurlar diləmişdir.

   Şəki Apellyasiya və Bakı Şəhər Sabunçu Rayon Məhkəmələrinin sədrləri də tədbirin işinə müvəffəqiyyətlər arzulamışlar.

   Tədbirdə iştirak edən məruzəçilər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Vitse-Prezidenti Ramin Qurbanovun “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və məhkəmə fəaliyyətində müasir texnologiyaların tətbiqi məsələləri;

    Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin böyük məsləhətçisi, kiçik ədliyyə müşaviri Leyla Zakirovanın mübahisələrin həllinin alternativ üsullarının tətbiqi sahəsində CEPEJ-in fəaliyyəti və məhkəmələrin idarə edilməsində mediasiya üsullarının istifadəsi imkanları;

   Sumqayıt Apellyasiya Məhkəməsinin aparat rəhbəri, dövlət qulluğunun kiçik müşaviri Yaqub Məmmədlinin ədalət mühakiməsinin keyfiyyətinin artırılması (məhkəmələrdə məmnuniyyət sorğularının keçirilməsi) və

    Ədliyyə Akademiyasının vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakültəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədovun “Elektron hökumət” portalının imkanları və istifadəsi üzrə ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətləri mövzusunda mühazirələri dinlənilmişdir.

    Mühazirə zamanı elektron məhkəmə informasiya sisteminin tətbiqində, mübahisələrin alternativ üsullarla həllində digər dövlətlərin müsbət təcrübəsinin öyrənildiyi dinləyicilərin diqqətinə çatdırılmış və bu sahədə qəbul edilmiş normativ hüquqi aktlar, əldə olunan nailliyyətlər və görüləcək işlər barədə məlumatlar verilmişdir. Eyni zamanda ədalət mühakiməsinin keyfiyyətinin artırılmasında “SATURN” vaxtın idarə edilməsi və məhkəmə statistikasına dair CEPEJ təlimatlarının, məhkəmənin fəaliyyətini qitmətləndirmək məqsədi ilə müəyyən edilmiş göstəricilərin, eləcə də məhkəmə istifadəçiləri, işçiləri, vəkillər arasında aparılan məmnuniyyət sorğularının əhəmiyyətindən bəhs olunaraq “Elektron hökumət” portalının imkanları və istifadəsi üzrə ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilmişdir.

    Mövzu ətrafında dinləyicilərin yaranan sualları məruzəçilər tərəfindən əhatəli şəkildə cavablandırılmışdır.