17 iyul 2017-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinin fəaliyyətə başlamasının 10 illik yubileyi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin kollektivi tərəfindən tədbir keçirilmişdir.

  Öncə məhkəmənin kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etmişlər.

  Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov müsahibəsində təməli ulu öndər tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən məhkəmə-hüquq islahatları nəticəsində qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, yeni üçpilləli məhkəmə sisteminin təsis edilməsi, peşəkar hakim korpusunun formalaşdırılması, xüsusən də ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması istiqamətində əldə olunan nailiyyətlərdən danışmışdır.

  Məhkəmə sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində atılan ən mühüm addımlardan biri kimi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə bölgələrdə, o cümlədən Şəki şəhərində yeni apellyasiya məhkəmələrinin yarandığını və 16 iyul 2007-ci il tarixdən Şəki Apellyasiya Məhkəməsinin fəaliyyətə başladığını qeyd edən məhkəmə sədri bildirmişdir ki, apelyasiya məhkəmələrinin yaradılması əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi, regionlarda yaşayan vətəndaşların məhkəmələrə əlçatımlığını təmin etmək baxımından ən mütərəqqi institusional islahat nümunəsi olmuşdur.

  Mübariz Əkbərov hazırda da ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq yubiley münasibəti ilə Şəki Apellyasiya Məhkəməsinin kollektivini təbrik edib onlara peşəkar fəaliyyətlərində uğurlar diləmişdir.

    Tədbir Şəki Məhkəmə Kompleksində davam etdirilmişdir.