31 mart 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsində  2021-ci ilin birinci yarımilinə dair iş planına əsasən Mingəçevir Şəhər Məhkəməsi tərəfindən  2020-ci il ərzində mülki və mülki prosessual qanunvericiliyin tələblərinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə həmin məhkəmənin sədri vəzifəsini icra edən Nemət Paşayevin məlumatının videokonfrans formatında dinlənilməsi keçirilmişdir.  

Tədbiri giriş sözü ilə açan Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bildirdi ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən apellyasiya məhkəməsinin Rəyasət Heyəti Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin məlumatlarını dinləyir. O, Şəki Apellyasiya Məhkəməsi tərəfindən məhkəmənin ərаzi yurisdiksiyаsınа аid edilmiş birinci instаnsiyа məhkəmələri sədrlərinin məlumаtlаrının dinlənilməsinin vаcibliyini vurğulаmış və bu istiqаmətdə görülən işlərin əhəmiyyətindən bəhs etmişdir.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər Məhkəməsinin sədri vəzifəsini icra edən Nemət Paşayev 2020-ci ildə mülki işlərlə əlaqədar məhkəmənin icraatına daxil olan iş və materialların icraat növləri üzrə statistik təhlilini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadların apellyasiya qaydasında ləğv olunmasına və dəyişdirilməsinə səbəb olan nöqsanlara toxunaraq, qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində səylə çalışacaqlarını və yuxarı instansiya məhkəmələrinin tövsiyələrinə uyğun olaraq işlərə baxılarkən daha diqqətli olacaqlarını bildirmişdir.   

Sözügedən dinlənilmənin keçirilməsinə məsul olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidov Mingəçevir Şəhər Məhkəməsi tərəfindən 2020-ci ildə qəbul edilmiş qətnamə və qərardadlardan verilmiş apellyasiya şikayətlərinə əsasən işlərə baxılarkən aşkar edilmiş xarakterik nöqsanları məhkəmə sədrinin diqqətinə çatdırmışdır. O bildirmişdir ki, həmin xarakterik nöqsanlara ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və s. mübahisələrdə daha çox rast gəlinmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması və gələcək fəaliyyətlərində bir daha belə hallara yol verilməməsi üçün müvafiq tövsiyələr verilmişdir. 

Daha sonra tədbir mülki və mülki prosessual qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində rast gəlinən ziddiyyətli məsələlərin müzakirəsi ilə davam etdirilmişdir.

İclasa sədrlik edən Mübariz Əkbərov tədbiri yekunlaşdıraraq bu kimi dinləmələrin keçirilməsinin vahid məhkəmə təcrübəsinin formalaşması və məhkəmələr arasında düzgün dialoqun qurulması baxımından əhəmiyyətli olmasını bildirmişdir. O, Mingəçevir Şəhər Məhkəməsinin sədri vəzifəsini icra edən Nemət Paşayevin dinlənilməsinin qənaətbəxş olduğunu qeyd edərək sonuncudan səslənən tövsiyələrin nəzərə alınmasını xahiş etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.