Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyətinin 27 aprel 2017-ci il tarixdə Şəki şəhərinə səfəri baş tutmuşdur. Səfər zamanı latviyalı qonaqlar ədliyyə sahəsində fəaliyyət göstərən qurumların inzibati binaları ilə yanaşı özündə üç birinci və bir apellyasiya məhkəməsini cəmləşdirən Şəki Məhkəmə Kompleksi, eləcə də şəhərin tarixi və mədəni abidələri ilə tanış olmuşlar.

  Latviya nümayəndə heyətini salamlayan Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bildirilmişdir ki, 2015-ci ilin noyabr ayının 4-də istifadəyə verilən beşmərtəbəli məhkəmə kompleksi hakimlər və məhkəmə işçiləri üçün inzibati, vətəndaşlar, dövlət ittihamçıları və vəkillər üçün isə ictimai olmaqla iki zonaya bölünmüşdür. Kompleksdə fəaliyyət göstərən məhkəmələrin ərazilərinin şərti olaraq bölündüyünü qeyd edən məhkəmə sədri bununla bağlı məhkəmələrin adlarını əks etdirən lövhələrin də yerləşdiyini  demişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatların əldə edilməsi üçün kompleksin ictimai zonasında quraşdırılmış informasiya köşkü və monitorlar əyani nümayiş etdirilərək məhkəmə kompleksinin müasir informasiya-kommunikasiya qurğuları ilə təchiz olunduğu xüsusi vurğulanmışdır. Dövlət katibinin başçılıq etdiyi nümayəndə heyətinə ictimai zonanın birinci mərtəbəsində yerləşən ana və uşaq otağı, vətəndaşlar üçün nəzərdə tutulmuş yeməkxana, bank xidmətlərinin həyata keçirilməsi üçün quraşdırılmış bankomat və POS-terminalı, eləcə də tibb məntəqəsi barəsində də məlumat verilmişdir.

  Sonra qonaqlar kompleksin ictimai zonasının Şəki Apellyasiya Məhkəməsinə aid hissəsinə dəvət olunaraq orada vətəndaşların dəftərxanaya sənədlərin təqdim edilməsi üçün yaradılan şəraitlə, həmin ərazidə yerləşən dövlət ittihamçısı, vəkil və şahid üçün nəzərdə tutulan otaqlarla tanış olmuşlar. Eyni zamanda diqqətə çatdırılmışdır ki, kompleksdə 7 cinayət və 9 mülki işlər üçün olmaqla, cəmi 16 məhkəmə iclası zalları fəaliyyət göstərir.

  Qeyd olunmuşdur ki, gözdən əlil vətəndaşların sərbəst hərəkəti üçün binanın ictimai zonasının hər mərtəbəsinin döşəməsinə xüsusi örtük salınmış, bütün otaqların adlarını əks etdirən lövhələrdə xüsusi yazılar yerləşdirilmiş, eləcə də “Əlillərin hüquqlarının qorunması haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq digər zəruri şərait yaradılmışdır.

  Daha sonra nümayəndə heyəti apellyasiya məhkəməsinə aid məhkəmə iclas zalları ilə tanış edilərək orada mövcud olan şərait barəsində, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamına əsasən proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazıları aparan “Femida” sisteminin quraşdırıldığını diqqətə çatdırmışdır.

  İnzibati zonaya keçən nümayəndə heyəti hakimlərin və məhkəmə aparatı işçilərinin iş otaqları ilə və onlar üçün yaradılan şəraitlə tanış olmuş, sonra qonaqlara Şəki Apelyasiya Məhkəməsinin Rəyasət Heyətinin zalı təqdim olunmuş və məlumat verilmişdir ki, həmin zalda video konfrans vasitəsi ilə distant formada müxtəlif tədbirlər həyata keçirilmişdir. Kitabxananı ziyarət edən nümayəndə heyətinə eyni zamanda kompleksdə fəaliyyət göstərən məhkəmələrin hakimləri və aparat işçiləri üçün kompyuter kurslarının təşkili məqsədi ilə quraşdırılmış kompyuter avadanlıqları da əyani nümayiş etdirilmişdir. Sonra qonalar, hakimlər və məhkəmə aparatı işçiləri üçün nəzərdə tutulan yeməkxana və kompleksin böyük konfrans zalı ilə tanış olmuşlar. Qeyd olunmuşdur ki, yaradılmış şərait regional səviyyədə keçirilən tədbirlərə Şəki Məhkəmə Kompleksinin ev sahibliyinə imkan verilmişdir.

  Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyətinə həmçinin müasir standartlara uyğun inşa edilmiş məhkəmə kompleksinin alt qatında hakimlər və işçilərin avtomobilləri üçün nəzərdə tutulan yeraltı qaraj, təqsirləndirilən şəxslərin müvəqqəti saxlanması üçün kameralar, onların vəkillərlə görüş otağı barədə də geniş məlumat vermiş və qeyd etmişdir ki, müasir məhkəmə infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olaraq bütün ölkə ərazisində geniş vüsət almışdır.

  Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqs kompleks haqqında verilən geniş məlumata görə minnətdarlığını ifadə etmiş və beynəlxalq standartlar səviyyəsində inşa edilən Şəki Məhkəmə Kompleksindən  böyük təəssüratlarla ayrıldıqlarını bildirmişdir.

  Sonda Şəki Məhkəmə Kompleksinin önündə qonaqlarla xatirə şəkli çəkdirildi.