Şəki Məhkəmə Kompleksində 25 fevral 2021-ci il tarixdə Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən 2020-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsilə əlaqədar görülmüş işlərin təhlilinə dair videokonfrans formatında müşavirə keçirilmişdir. Müşavirənin işində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şahin Yusifov, Mülki Kollegiyasının sədri Sənan Hacıyev, İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov, Şəki Apellyasiya Məhkəməsinin və məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin hakimləri iştirak etmişlər.

Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov iclası giriş sözü ilə açaraq bildirmişdir ki, 2020-ci il ölkəmizin tarixində xüsusi əhəmiyyətə malik əlamətdar bir il kimi yadda qalacaqdır. Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin sərkərdəliyi, rəşadətli ordumuzun hünəri ilə 30 il düşmən tapdağı altında olan torpaqlarımız Ermənistan işğalından azad olunmuşdur. Bizlərə yaşatdıqları qürur və fəxarət hissləri üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik.

Məhkəmə sədri 2020-ci ildə Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıraraq ötən ildə məhkəmənin icraatına daxil olan işlərin dinamikası və onların baxılma nəticəsi barədə statistik göstəricilərin qısa təhlilini aparmışdır.

 Müşavirədə çıxış edən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Akif Eyvazov, Mülki Kollegiyasının sədri Ələddin Məcidov, İnzibati Kollegiyasının sədri Rövşən Rəfiyev, Kommersiya Kollegiyasının sədri Elçin Hüseynov müşavirə iştirakçılarına 2020-ci ildə kollegiyaların icraatına daxil olan iş və materialların müqayisəli şəkildə statistik göstəricilərinə dair məlumat verərək, işlərə baxılan zaman məhkəmə təcrübəsində rast gəlinən fikir ayrılıqlarını qeyd etmiş, habelə birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən yol verilmiş maddi və prosessual hüquq pozuntularını diqqətə çatdırmışlar.

Müşavirədə iştirak edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şahin Yusifov cinayət icraatı üzrə Şəki Apellyasiya Məhkəməsinin qərarlarına kassasiya qaydasında baxılması nəticəsində əldə olunan statistik göstəricilər barədə məlumat verərək, iştirakçıların diqqətini məhkəmə təcrübəsində rast gəlinən xarakterik pozuntulara yönəltmişdir. Eyni zamanda o, çıxışında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərdən bəhs edərək məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından bu dəyişikliklərin mühüm əhəmiyyətə malik olduğunu xüsusilə vurğulamışdır. Eyni zamanda o bildirmişdir ki, apellyasiya məhkəmələrinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasında əhəmiyyətli rolu olmalıdır və bu işdə Ali Məhkəməyə yardımçı olmalıdırlar.  

İclasda çıxış edən Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva və Mülki Kollegiyasının sədri Sənan Hacıyev müvafiq kollegiyalar üzrə kassasiya qaydasında baxılmış işlər üzrə müəyyən olunan xarakterik pozuntular, kassasiya instansiyasında qərarların ləğv edilməsinin əsasları barədə danışaraq, bəzi işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsini  diqqətə çatdırmış, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimlərinə işin hallarının tam və hərtərəfli araşdırılması, maddi və prosessual normalara dürüst əməl olunmasını tövsiyə etmişlər.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov Ədliyyə Nazirliyi tərəfindən məhkəmə fəaliyyəti ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir. O, 2019-cu illə müqayisədə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 2020-ci ildə Nazirliyə ünvanlanan müraciətlərin sayında müəyyən azalmaların olduğunu bildirmişdir. Anar Cəfərov həmçinin qeyd etmişdir ki, məhkəmə fəaliyyətinin həyata keçirilməsi zamanı aşkar olunmuş pozuntuların müvafiq hakimlərin qiymətləndirilməsində nəzərə alınması üçün Məhkəmə-Hüquq Şurasına müraciətlər ünvanlanmışdır.

 Daha sonra tədbir hakimlərin qarşılıqlı maraq doğuran hüquqi məsələlər barəsində faydalı fikir mübadiləsi ilə davam etmişdir.