Şəki Apellyasiya Məhkəməsinin 2017-ci ilin birinci yarımilinə dair iş planına əsasən 27 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının sədri Şahin Yusifovun, mülki kollegiyanın hakimi Akif İsgəndərovun, inzibati-iqtisadi kollegiyanın hakimi Rahib Nəbizadənin, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Əfqan Ələkbərovun, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin və apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin iştirakı ilə 2016-cı ildə Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərin təhlilinə dair müşavirə keçirilmişdir.

Müşavirəni Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov açaraq gündəlikdə olan məsələlər barədə qısa məlumat vermişdir. O, bildirmişdir ki, 2015-ci il ilə müqayisədə 2016-cı ildə Şəki Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş iş və materialların sayı 36,76% faiz artaraq 3136 təşkil etmişdir. Mübariz Əkbərov 2016-cı ildə apellyasiya qaydasında baxılmış işlərin nəticələri barədə statistik rəqəmləri 2015-ci il ilə müqayisəli şəkildə təhlil edib iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Məhkəmənin sədri qeyd etmişdir ki, şərh olunan dövr ərzində 5 iş üzrə xüsusi qərardadlar qəbul edilərək cinayətin əlamətlərinin aşkara çıxarılması barədə aidiyyəti prokurorluq orqanlarına məlumat verilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş məlumatlara müvafiq olaraq 2 mülki iş üzrə çıxarılmış xüsusi qərardadlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrinin əlamətləri ilə cinayət işi başlanılmışdır. Eyni zamanda fəaliyyəti dövründə dəfələrlə qanunvericiliyin tələblərini pozduğuna görə Şəki Apellyasiya Məhkəməsinin 1 hakimi barəsində intizam icraatının başlanması məsələsinə baxılması üçün 2016-cı ildə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müraciət olunmuş, Məhkəmə-Hüquq Şurasının 13 iyul 2016-cı il tarixli məlumatına əsasən Şəki Apellyasiya Məhkəməsinin həmin hakimi barəsində intizam icraatına baxılaraq ona töhmət verilmişdir.

Məhkəmənin sədri çıxışı zamanı həmçinin qeyd etmişdir ki, 2016-cı ilin birinci və ikinci yarımillərinə dair tərtib edilmiş iş planlarının bütün bəndləri tam icra olunmuş, o cümlədən iş planlarında nəzərdə tutulmuş 9 ümumiləşdirmə aparılaraq Şəki Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyalarına aid edilmiş birinci instansiya məhkəmələrinə 4 icmal məktublar göndərilmiş, Zaqatal rayon Məhkəməsinin sədrinin 2015-ci il ərzində mülki və mülki-prosessual qanunvericiliyin tələblərinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məlumatlarının dinlənilməsi həyata keçirilmişdir. Qanunvericiliyin daha da səmərəli tətbiqi, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi məqsədilə məhkəmədə mütəmadi olaraq seminar-məşğələlərin keçirilməsi təmin edilmişdir. Məhkəməyə edilmiş müraciətlərin sayının artmasına baxmayaraq hər bir müraciət qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırılmış, məhkəmənin aparatı tərəfindən 11, məhkəmənin sədri tərəfindən 62 nəfərin şəxsi qəbulu həyata keçirilmişdir.

Sonra müşavirə Şəki Apellyasiya Məhkəməsinin kollegiya sədrləri vəzifələrini icra edən hakimlərin 2016-cı ildə ədalət mühakiməsinin həyata keçirilməsi ilə görülmüş işlər barədə məruzələri ilə davam etmişdir.

Müşavirədə həmçinin, Şəki Apellyasiya Məhkəməsinin 2016-cı ilin ikinci yarımilinin iş planına əsasən Şəki Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına  aid  edilmiş  rayon (şəhər) məhkəmələri  tərəfindən  2016-cı  ilin  birinci  yarısında  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə baxılmış cinayət işləri üzrə cəza təyin edilərkən cinayət qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri müzakirə edilmişdir. Cinayət kollegiyasının sədri vəzifəsini icra edən hakim Mirbahəddin Hüseynov CM-in 221-ci maddəsi ilə baxılmış cinayət işləri üzrə cəza təyin edilərkən cinayət qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair aparılmış ümumiləşdirmə barədə məlumat vermiş və qeyd olunan işlərə baxılarkən yol verilmiş nöqsanları birinci intansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının sədri Şahin Yusifov Şəki Apellyasiya Məhkəməsinin cinayət icraatı üzrə kassasiya göstəriciləri barədə məlumat verərək, məhkəmə təcrübəsində cinayət işləri üzrə rast gəlinən xarakterik pozuntulara müzakirə iştirakçılarının diqqətini yönəltdi. Eyni zamanda o, çıxışında prosessual məcburiyyət tədbirlərinin tətbiqi təcrübəsi üzərində dayanaraq, hələ də mövcud olan əsassız həbs qətimkan tədbirlərinin seçilməsi meyillərini qeyd etdi. Daha sonra Şahin Yusifov bəzi məhkəmələrdə mövcud olan süründürməçilik, kobud rəftar və qeyri-etik davranış hallarının qəbul edilməz olduğunu vurğulayaraq, bu sahədə təsirli tədbirlər görülməsinin qaçılmaz olduğunu bildirdi.

Ali Məhkəmənin mülki kollegiyasının hakimi Akif İsgəndərov və inzibati-iqtisadi kollegiyasının hakimi Rahib Nəbizadə konkret kateqoriya işlər üzrə rast gəlinən qanun pozuntuları barəsində söhbət açaraq ayrı-ayrı işlər üzrə Ali Məhkəmənin mövqeyini ifadə etmiş, maddi və prosessual qanunvericiliyin tətbiqinə dair öz tövsiyələrini vermişlər. Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Əfqan Ələkbərov çıxış edərək məhkəmələrdən daxil olmuş şikayətlər barədə məlumat vermiş, statistik rəqəmləri iclas iştirakçılarının nəzərinə çatdırmış və nazirliyə daxil olmuş müraciətlərə görə məhkəmələrin fəaliyyəti ilə bağlı daha çox narahatçılıq doğuran məsələlər üzərində dayanmışdır.

Tədbir birinci, apellyasiya və ali məhkəmənin hakimlərinin iştirakı ilə qarşılıqlı maraq doğuran hüquqi məsələlər barəsində fikir mübadiləsi ilə davam etmişdir. 

Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov müşavirəni yekunlaşdıraraq sonda məhkəmələrdə hələ də rast gəlinən qeyri-prosessual münasibətlərə, məhkəmə proseslərinin əsassız uzatma hallarına, kobud və qeyri-peşəkar davranış tərzinə müşavirə iştirakçılarının diqqətini bir daha cəlb edərək qeyd etdi ki, bu kimi neqativ halların aradan qaldırılması üçün məhkəmə sədrləri zəruri tədbirlərin görülməsini təmin etməlidirlər.