Daxil ol

Daxil ol

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Mülki və inzibati kollegiyalara apellyasiya şikayətinin verilməsi qaydası

https://courts.gov.az/az/nakhchivansupreme/page/Mulki-v-inzibati-kollegiyalara-apellyasiya-sikaytinin-verilmsi-qaydasi_2268

2017-11-23 06:45:32

Mülki və inzibati kollegiyalara apellyasiya şikayətinin verilməsi qaydası

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarına apellyasiya şikayətinin verilməsi qaydası
 
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNDƏN 
 
ÇIXARIŞ
 
 Fəsil 41
 
Apellyasiya instansiyası məhkəməsində icraat
 
 
Maddə 357. Apellyasiya şikayəti vermək hüququ
 
357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.
 
Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr  
 
358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:
358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına;
358.0.2. inzibati-iqtisadi məhkəmələrin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına; 
358.0.3. Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına. 
Maddə 359. Apellyasiya şikayətinin (apellyasiyanın) mümkünlüyü  
Apellyasiya şikayəti (apellyasiya) birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş bütün qətnamələrindən, iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla, verilə bilər.
 
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti
 
Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.  
 
Maddə 361. Apellyasiya şikayətinin məzmunu
 
361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;
361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı;
361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 
361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.
361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
361.5. Dərhal icra edilməli olan qətnamələrdən verilən şikayətə qətnamənin icra olunduğunu təsdiq edən sənədlər əlavə olunur. 
 
Maddə 362. Apellyasiya şikayətinin verilməsi
 
Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.
 
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması
 
363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:
363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;
363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;
363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa.
363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
 
Maddə 364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri
 
Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. [220]
 
Maddə 365. Ümumi şərtlər
 
Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
 
Maddə 366. Apellyasiya mümkünlüyünün yoxlanılması
 
366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 
366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
 
Maddə 367. Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi 
 
367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə  apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir. 
367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra  20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar. 
367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.
367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.
 
Maddə 368. İşin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası  məhkəməsində baxılmanın müddətləri  
 
368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir.
368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin etmək üçün zəruri hazırlıq işləri görür.
368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. 
 
Fəsil 42
Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi
 
Maddə 395. Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ
 
395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:
395.1.1. bu Məcəllədə göstərilən hallarda;
395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
 
Maddə 396. Şikayətin verilmə müddəti
 
396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. [234]
396.2. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır.
 
Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası
 
397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
397.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır.