Daxil ol

Daxil ol

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Cinayət və hərbi kollegiyalara apellyasiya şikayətinin verilməsi qaydası

https://courts.gov.az/az/nakhchivansupreme/page/Cinayt-v-hrbi-kollegiyalara-apellyasiya-sikaytinin-verilmsi-qaydasi_2269

2017-11-23 06:52:07

Cinayət və hərbi kollegiyalara apellyasiya şikayətinin verilməsi qaydası

 Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin cinayət və hərbi kollegiyalarına apellyasiya şikayətinin verilməsi qaydası 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNDƏN
 
ÇIXARIŞ
 
XLVII fəsil.
 
Məhkəmələrin hökm və qərarlarına apellyasiya qaydasında yenidən baxılması
 
Maddə 381. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi
 
381.1. Birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
381.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi məhkəmələr:
381.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına; 
381.2.2. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri istisna olmaqla, rayon (şəhər) məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan—yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət kollegiyasına; 
381.2.3. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, hərbi məhkəmələr tərəfindən çıxarılmış hökm və ya qərarlardan - yurisdiksiya üzrə müvafiq apelyasiya məhkəməsinin hərbi kollegiyasına, yaxud Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına; 
381.2.4. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına; 
381.2.5. andlılar məhkəməsinin çıxardığı hökmlər istisna olmaqla, Ağır ağır cinayətlər məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan—yurisdiksiya üzrə apellyasiya məhkəməsinin cinayət kollegiyasına; 
 
381.2.6. çıxarılmışdır.
 
Maddə 382. Apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraatın xüsusiyyətləri
382.1. Cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 381—407-ci maddələrinin müddəalarına müvafiq olaraq aparılır.
382.2. Məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452—454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır.
 
Maddə 383. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər
 
383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir:
383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair—yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;
383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü;
383.1.5. tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər daxilində zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi;
383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.
383.2. Apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmcinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir.
383.3. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır.
 
Maddə 384. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətləri və halları
 
384.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir:
384.1.1. İttiham və ya bəraət hökmü çıxarıldıqda;
384.1.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında qərar çıxarıldıqda;
384.1.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda;
384.1.4. hakimə (hakimlərə) etirazın təmin edilməsi haqqında qərar çıxarıldıqda;
384.1.5. çıxarılıb    
384.1.6. çıxarılıb 
384.1.7. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda;
384.1.8. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar çıxarıldıqda;
384.1.9. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar çıxarıldıqda.
384.1.10. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qərar çıxarıldıqda.
384.2. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.
384.3. Məhkəməyə gəlməkdən boyun qaçıran məhkum və ya bəraət almış şəxs çıxarılmış hökm barədə birinci instansiya məhkəməsinin elanlar lövhəsində məlumatın yerləşdirildiyindən sonra 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vermək hüququna malikdirlər.
384.4. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində cinayət işi yuxarı məhkəmə tərəfindən birinci instansiya məhkəməsindən tələb edilə bilməz.
384.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə qərarından verdikləri müvafiq olaraq apellyasiya şikayətində və ya apellyasiya protestində əsaslandırmaq hüququna malikdirlər.
 
Maddə 385. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydası
 
385.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir.
385.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin surətləri apellyasiyanın maraqlarına aid olduğu cinayət prosesinin iştirakçılarına çatacaq sayda apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə edilir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilən şəxsə şamil edilmir. Belə hallarda lazım olan miqdarda apellyasiya şikayətlərinin surətlərini birinci instansiya məhkəməsi hazırlayır.
385.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti bilavasitə apellyasiya instansiyası məhkəməsinə verildiyi halda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 385.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin görülməsi üçün şikayəti və ya protesti birinci instansiya məhkəməsinə göndərir.
 
Maddə 386. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa edilmə qaydası
 
386.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
386.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birincı instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur.
386.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. 
 
Maddə 387. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblər
 
387.1. Apellyasiya şikayətində və ya apellyasiya protestində aşağıdakılar göstərilməlidir:
387.1.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin ünvanlandığı apellyasiya instansiyası məhkəməsinin adı;
387.1.2. apellyasiya şikayətini və ya apellyasiya protestini verən şəxsin adı;
387.1.3. hökm və ya qərar çıxarmış birinci instansiya məhkəməsinin adı;
387.1.4. hökm və ya məhkəmənin digər yekun qərarının qısa məzmunu və apellyasiya şikayəti, yaxud protesti verən şəxsin mülahizələrinə görə onun qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması;
387.1.5. apellyasiya şikayəti və ya apellyasiya protesti verən şəxsin xahişi.
387.1.6. apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə olunan sənədlərin siyahısı.
387.2. Hökmün dəyişdirilməsi və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda apellyasiya şikayətində və ya apellyasiya protestində işin müvafiq vərəqlərinə istinad olunmalıdır. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.
387.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır.
387.4. Qanuni nümayəndənin və ya nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında olmadıqda qanuni nümayəndənin və ya nümayəndənin verdiyi apellyasiya şikayətinə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
387.5. Apellyasiya şikayətində və ya apellyasiya protestində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlara istinad edilməsinə yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünün və ya onların həmin məhkəmə tərəfindən qəbul edilməməsinin əsaslandırıldığı halda yol verilir.
 
Maddə 388. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin daxil olması haqqında bildiriş
 
388.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu və müddətini izah edir.
388.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair etirazlar işə əlavə olunur, bu etirazlar iş məhkəməyə göndərildikdən sonra daxil olduqda bilavasitə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Maddə 389. Apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələri
389.1. Birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır.
389.2. Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan sonra hökmü və ya qərarı çıxarmış məhkəmə 10 (on) gün müddətində onları cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraat materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.
 
Maddə 390. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi
 
390.1. Apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
390.2. Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir.
390.3. Barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan apellyasiya şikayətinə və ya apellyasiya protestinə dəyişikliklər yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində edilə bilər.
390.4. Bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir.
390.5. Müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Apellyasiya icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata cəlb edilmiş müdafiəçi yalnız məhkum olunmuş və ya bəraət almış şəxsin və onların qanuni nümayəndələrinin razılığı ilə birinci instansiya məhkəməsində iştirak etmiş müdafiəçinin apellyasiya şikayətinə əlavə və dəyişikliklər etmək hüququna malikdir.
390.6. Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir.
390.7. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir.
 
LII fəsil
 
Məhkəmə nəzarətinin həyata keçirilməsi
 
Maddə 452. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə hakimin qərarından şikayətin və ya protestin verilməsi
 
452.1. Elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından aşağıdakı qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər:
452.1.1. bilavasitə apellyasiya instansiyası məhkəməsinə;
452.1.2. qərarı qəbul etmiş məhkəmənin vasitəsilə;
452.1.3. həbsdə saxlanılma yeri müdiriyyətinin vasitəsilə (yalnız şikayət üçün).
452.2. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarından təqsirləndirilən şəxsin şikayətini aldıqda, həbsdə saxlama yerinin müdiriyyəti təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
452.2.1. şikayəti qeydə almaq;
452.2.2. şikayəti hakimi tərəfindən həmin qərarı qəbul etmiş məhkəməyə göndərmək;
452.2.3. şikayətin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yazılı məlumat vermək.
452.3. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından şikayəti və ya protesti almış birinci instansiya məhkəməsi təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
452.3.1. şikayəti və ya protesti qeydə almaq.
452.3.2. onları məhkəmədə olan materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmək;
452.3.3. şikayətin və ya protestin daxil olması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsə, habelə (məsələnin baxılmasında birinci instansiya məhkəməsində iştirak etdikləri halda) onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə yazılı məlumat vermək.
452.4. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə hakimin qərarından protest və ya şikayət almış apellyasiya instansiyası məhkəməsi təxirə salmadan aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
452.4.1. birinci instansiya məhkəməsindən həbsə və ya həbsdə saxlama müddətinin uzadılmasına dair məsələnin baxılmasına aid olan materialları tələb etmək;
452.4.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurordan həbsin tətbiqinin və ya həbsdə saxlama müddətinin uzadılmasının zəruriliyini təsdiq edən materialları tələb etmək.
452.5. Aşağıdakı hallarda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbs və ya həbsdə saxlama müddətinin uzadılması barədə məsələnin baxılmasına aid olan materialları təxirə salmadan apellyasiya instansiyası məhkəməsinə göndərməlidir:
452.5.1. həbsdə saxlama yerinin müdiriyyətindən şikayətin verilməsi haqqında bildiriş aldıqda;
452.5.2. apellyasiya instansiyası məhkəməsinin tələbnaməsini aldıqdan sonra.
 
Maddə 453. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə hakimin qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması
 
453.1. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarından şikayətin və ya protestin alındığı gündən sonra 3 (üç) gün müddətində apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasını keçirməlidir.
453.2. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair apellyasiya instansiyası məhkəməsində qapalı məhkəmə iclasında 3 (üç) hakimdən ibarət tərkibdə baxılır.
453.3. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarının qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclasında şikayət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, təqsirləndirilən şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsi izahat vermək üçün məhkəmə iclasına, həmçinin təhqiqatçını (təhqiqat aparan şəxsi), müstəntiqi, habelə zərər çəkmiş şəxsi çağıra bilər. Yuxarıda göstərilən protest və ya şikayətin baxılmasının müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şəxslərin gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.
453.4. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclası başlananadək apellyasiya instansiyası məhkəməsi ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir.
453.5. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:
453.5.1. məhkəmə iclasında sədrlik edən məhkəmə iclasını açır, hansı qərardan verilmiş hansı şikayətə və ya protestə baxıldığını elan edir, məhkəmə iclasının iştirakçılarının səlahiyyətlərini yoxlayır və onlara hüquq və vəzifələrini izah edir;
453.5.2. şikayəti və ya protesti vermiş şəxs öz müraciətini şifahi əsaslandırır, hakimlərin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;
453.5.3. məhkəmə iclasında müraciətlə qanuni mənafeyinə toxunulan şəxslər, habelə onların müdafiəçiləri və nümayəndələri iştirak etdiyi halda onlara izahat vermək və öz etirazlarını bildirmək üçün imkan yaradılır;
463.5.4. hakimlər məhkəmə iclasının iştirakçılarına dəqiqləşdirmə üçün zəruri olan suallar verir və yerində məsləhətlər aparıb qərar qəbul edirlər. Məhkəmə iclasında sədrlik edən qəbul olunmuş qərarı məhkəmə iclasında iştirak edən şəxslərə elan edir.
453.6. Həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, yaxud bundan imtina barədə qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə məhkəmə iclasının yekununda apellyasiya instansiyası məhkəməsi aşağıdakı qərarlardan birini qəbul edir:
453.6.1. birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlaması barədə;
453.6.2. həbs qismində qətimkan tədbirinin seçilməsi barədə qərarın ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə;
453.6.3. həbs qismində qətimkan tədbirinin seçilməsindən imtina barədə hakimin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbsin seçilməsi barədə;
453.6.4. həbsdə saxlama müddətinin uzadılması barədə hakimin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi barədə;
453.6.5. həbsdə saxlama müddətinin uzadılmasına imtina barədə hakimin qərarının ləğv edilməsi və həbsdə saxlama müddətinin uzadılması barədə.
453.7. Həbs qismində qətimkan tədbirinin seçilməsi, habelə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılmasının qanuniliyini və əsaslılığını təsdiq edən materiallar məhkəmə iclasına təqdim edilmədiyi halda, apellyasiya instansiyası məhkəməsi müvafiq qərarın ləğv edilməsi və təqsirləndirilən şəxsin həbsdən azad edilməsi haqqında qərar çıxarır.
453.8. Apellyasiya instansiyası məhkəməsinin qərarının surəti həmin qərar qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə göndərilir:
453.8.1. şikayət vermiş şəxsə;
453.8.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora;
453.8.3. təqsirləndirilən şəxsin həbsdə saxlanılma yerinin müdiriyyətinə.
453.9. Həbsdə saxlanılma yerinin müdiriyyəti təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya həbsdə saxlama müddətinin uzadılması barədə qərarın ləğv edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını aldıqdan dərhal sonra təqsirləndirilən şəxsi həbsdən azad edir.
453.10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hakimin qanuniliyi və əsaslılığı artıq yoxlanılmış qərarından şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.
Maddə 454. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında hakimin çıxardığı digər qərarlardan şikayət verilməsi və onların qanuniliyinin və əsaslılığının yoxlanılması
İstintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏN
 
ÇIXARIŞ
 
Otuz üçüncü fəsil
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ QƏRARLARIN YENİDƏN BAXILMASI
 
Maddə 430. İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququ
 
430.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.
430.2. İnzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
430.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə;
430.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə;
430.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. 
 
Maddə 431. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydası
 
431.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir:
 431.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest – həmin qərarı qəbul etmiş hakim vasitəsilə;
 431.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət – birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
 431.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
 431.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;
 431.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət – həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) vasitəsilə və ya birbaşa yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə).
 431.2. Bu Məcəllənin 431.1.1-ci və 431.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) şikayətin daxil olduğu gündən üç gün müddətində şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya instansiyası məhkəməsinə, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir. 
431.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin və ya protestin daxil olduğu gün göndərilir.
431.4. Şikayətin və ya protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.
431.5. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur.
 
Maddə 432. Qərardan şikayət və ya protest vermə müddətləri
 
432.1. Qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.
432.2. Bu Məcəllənin 432.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər.
432.3. Buraxılmış müddətin bərpa olunması qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir.
Maddə 433. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması müddətləri
433.1. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest daxil olduğu gündən on gün müddətində baxılır.
433.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə inzibati həbs barəsində verilmiş qərardan şikayət və ya protest həmin şikayətin və ya protestin verildiyi gündən üç gün müddətində baxılır.
 
Maddə 434. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılmağa hazırlanması
 
434.0. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir:
434.0.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi;
434.0.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu;
434.0.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətin və ya protestin baxılması üçün lazım olan şəxslər çağırılır;
434.0.4. şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir.
 
Maddə 435. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətin və ya protestin baxılması
 
435.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır.
435.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən:
435.2.1. şikayətin və ya protestin kim tərəfindən baxılması, hansı şikayətin və ya protestin baxılması, şikayətin kim tərəfindən verilməsi elan olunur;
435.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətin və ya protestin baxılmasında iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlmələri müəyyən edilir;
435.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir;
435.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir;
435.2.5. şikayətin və ya protestin baxılmasında iştirak edən şəxslərin hüquqları və vəzifələri onlara izah edilir;
435.2.6. etirazetmə və ya vəsatət haqqında müraciətlər həll edilir;
435.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət və ya protest elan edilir;
435.2.8. inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır;
435.2.9. inzibati xəta haqqında iş üzrə icraatda iştirak etdiyi hallarda prokurorun rəyi dinlənilir.
 
Maddə 436. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması haqqında qərar
 
436.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir:
436.1.1. qərarın dəyişdirilmədən saxlanılması haqqında;
436.1.2. şikayətin və ya protestin təmin edilməməsi haqqında;
436.1.3. barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında;
436.1.4. bu Məcəllənin 21-ci və 367-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında;
436.1.5. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduqda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında;
436.1.6. şikayət və ya protest baxılarkən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyətli çatmayan hakim, orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi müəyyən edildikdə, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün göndərilməsi haqqında.
436.2. Şikayətin və ya protestin baxılması haqqında qərarda bu Məcəllənin 426-cı maddəsində qeyd edilən məlumatlar göstərilir.
 
Maddə 437. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi
 
437.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir.
437.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti onun qəbul olunduğu gündən üç gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərərçəkmiş şəxsə və ya protest vermiş prokurora verilir.
437.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir.
Maddə 438. İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın yenidən məhkəmədə baxılması
İnzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiәçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada baxılır.