Daxil ol

Daxil ol

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarına kassasiya şikayətinin verilməsi qaydası

https://courts.gov.az/az/nakhchivansupreme/page/Azrbaycan-Respublikasi-Ali-Mhkmsinin-mulki-inzibati-iqtisadi-cinayt-v-hrbi-kollegiyalarina-kassasiya-sikaytinin-verilmsi-qaydasi_2270

2017-09-23 03:33:31

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarına kassasiya şikayətinin verilməsi qaydası

 
 
 
 Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarına kassasiya şikayətinin verilməsi qaydası 
 
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən
 
ÇIXARIŞ
  
   
Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 
 
67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
 
 
 Fəsil 43
 
Kassasiya instansiyası məhkəməsində icraat
 
Maddə 402.  Kassasiya şikayəti vermə hüququ  
 
Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər. 
 
Maddə 403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ
 
403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.
403.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. 
403.3. Bu Məcəllənin 50-ci və 306-cı maddələrində nəzərdə tutulmuş hallarda prokuror məhkəmə araşdırmalarında iddiaçı və ya ərizəçi olduqda, protest vermək hüququna malikdir.
403.4. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən kassasiya instansiyası məhkəməsinə verilən şikayətdir və hüquqi mahiyyətinə, nəticələrinə görə kassasiya şikayətinə bərabər tutulur.
 
Maddə 404. Kassasiya qaydasında işə baxan məhkəmə
 
404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:
404.1.1. apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına; 
404.1.2. apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına. 
404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki kollegiyaya və inzibati-iqtisadi kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər. 
 
Maddə 405. Kassasiya şikayəti vermə müddəti
 
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. 
 
Maddə 406. Kassasiya şikayəti vermə qaydası
 
406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.
 
Maddə 407. Kassasiya şikayətinin məzmunu 
 
407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan;
407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti;
407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması;
407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 
407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
 
.  .  .
 
Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət və hərbi kollegiyalarına kassasiya şikayətinin verilməsi qaydası
 
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsindən
 
ÇIXARIŞ
 
XLVIII fəsil. Məhkəmələrin hökm və ya qərarlarına kassasiya qaydasında yenidən baxılması
 
Maddə 408. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi
 
408.1. Kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmənin aşağıdakı hökm və qərarlarından verilə bilər:
408.1.1. apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan;
408.1.2. andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən.
408.2. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı qaydada verilir:
408.2.1. andlı iclasçıların iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən—Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına; 
408.2.2. andlı iclasçıların iştirakı ilə ağır cinayətlər məhkəmələri tərəfindən çıxarılmış hökmlərdən—Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına; 
408.2.3. andlı iclasçıların iştirakı ilə hərbi məhkəmələr tərəfindən çıxarılmış hökmlərdən - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına; 
408.2.4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan—Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına; 
408.2.5. apellyasiya məhkəmələrinin cinayət kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan—Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına; 
408.2.6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan—Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına; 
408.2.7. apellyasiya məhkəmələrinin hərbi kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan—Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına.
408.3 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.7, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416—420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir.
 
Maddə 409. Kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququ olan şəxslər
 
409.1. Kassasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdirlər:
409.1.1. məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi;
409.1.2. zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi;
409.1.3. mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.
409.1.4. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü.
409.1.5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi.
409.2. Məhkum edilmiş təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi yalnız məhkumun mənafelərinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkumun müdafiəsi naminə verilmiş kassasiya şikayəti digər məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşdirilməsi üçün əsas ola bilməz.
409.3. Bəraət almış şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi hökmdən yalnız bəraətin dəlil və əsaslarına aid hissəsindən şikayət vermək hüququna malikdirlər. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarının yeni məhkəmə baxışı zamanı belə kassasiya şikayəti bəraət hökmünün ləğv edilməsi və ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz.
409.4. Zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi hökmdən yalnız zərər çəkmişə ziyan vurmuş şəxsə və hərəkətlərə aid hissədən şikayət vermək hüququna malikdirlər. Onların tələbləri birinci instansiya məhkəməsində irəli sürülmüş tələblərdən çox ola bilməz.
409.5. Mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədən və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər.
409.6. Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü yalnız tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdirlər.
409.7. Barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi yalnız tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir.
409.8. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayəti yalnız həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən müvafiq olaraq təqsirləndirilən, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) qanuni nümayəndəsi və ya nümayəndəsi kimi buraxıldıqda kassasiya icraatının açılmasına səbəb ola bilər.
409.9. Apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissədən kassasiya protesti vermək hüququna malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzun sürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda Azərbaycan Respublikasının Baş prokuroru, Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və ya qərarlardan, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru apellyasiya instansiyası məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə, kassasiya protesti vermək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 392.2-ci maddəsinin tələblərinin ziddinə baxıldığı halda kassasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini malikdir. 
 
Maddə 410. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə müddəti
 
410.1. Kassasiya şikayəti və ya kassasiya protesti aşağıdakı müddətlərdə verilir:
410.1.1. bu Məcəllənin 391.3 və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı vaxtdan 1 (bir) ay müddətində;
410.1.2. bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 6 (altı) ay müddətində;
410.1.3. daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində;
410.1.4. məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində.
410.2. Kassasiya qaydasında təqdimat, şikayət və ya protest verildiyi hallar istisna olmaqla, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materialı yuxarı məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsindən tələb edilə bilməz. 
 
Maddə 411. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası
 
411.1. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər kassasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.
411.2. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir:
411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda;
411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə.
411.3. Kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpasının rədd edilməsi haqqında kassasiya instansiyası məhkəməsinin qərarı qətidir və ondan şikayət verilə bilməz.
411.4. Kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün müddətin bərpa edilməsi, yaxud kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün müddətin bərpasının rədd edilməsi haqqında kassasiya instansiyası məhkəməsinin qərarı haqqında bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslərə məlumat verilir. 
 
Maddə 412. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə qaydası
 
412.1. Kassasiya şikayəti və ya kassasiya protesti bilavasitə kassasiya instansiyası məhkəməsinə verilir. Kassasiya şikayəti və ya kassasiya protesti birinci və ya apellyasiya instansiyası məhkəməsinə verildikdə, o, həmin şikayəti və ya protesti kassasiya instansiyası məhkəməsinə göndərir.
412.2. Kassasiya şikayəti və ya kassasiya protesti yazılı şəkildə verilməlidir.
412.3. Kassasiya şikayəti və ya kassasiya protestinə məhkəmənin mübahisə edilən hökmünün və ya qərarının surəti əlavə edilməlidir. Kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
412.4. Kassasiya şikayəti və ya kassasiya protestinə onların surətləri həmin kassasiya şikayəti və ya kassasiya protesti mənafelərinə toxunan cinayət prosesinin bütün iştirakçılarına çatacaq sayda əlavə edilməlidir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməyən şəxsə şamil olunmur.
412.5. Hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.
412.6. Kassasiya şikayətindən və ya kassasiya protestindən imtina haqqında apellyasiya instansiyası məhkəməsinə verilmiş ərizə bu Məcəllənin 410.1-ci maddəsi ilə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi hüququnun həyata keçirilməsinə mane olmur.
412.7. Məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır.
 
Maddə 413. Kassasiya şikayəti və ya kassasiya protestinin məzmunu
 
413.1. Kassasiya şikayəti və ya kassasiya protestində aşağıdakılar öz əksini tapmalıdır:
413.1.1. kassasiya şikayəti və ya kassasiya protestinin ünvanlandığı kassasiya instansiyası məhkəməsinin adı;
413.1.2. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin adı və statusu;
413.1.3. hökm və ya qərarı çıxarmış məhkəmənin adı;
413.1.4. hökmün və ya qərarın qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması;
413.1.5. kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin xahişi;
413.1.6. kassasiya şikayətinə və ya kassasiya protestinə əlavə edilən sənədlərin siyahısı.
413.2. Hökmün dəyişdirilməsinin və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda kassasiya şikayəti və ya kassasiya protestində işin müvafiq vərəqlərinə istinad edilməlidir. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.
 
Maddə 414. Kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavələr edilməsi
 
414.1. Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
414.2. Kassasiya instansiyası məhkəməsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci və ya apellyasiya instansiyası məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi kassasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir.
414.3. Barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklər yalnız kassasiya şikayəti və ya kassasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində kassasiya şikayətinə və ya kassasiya protestinə daxil edilə bilər.
414.4. Müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Kassasiya icraatında cəlb edilmiş müdafiəçi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci, yaxud apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmiş müdafiəçinin kassasiya şikayətinə yalnız məhkumun və ya bəraət almış şəxsin və onun qanuni nümayəndəsinin razılığı ilə əlavələr və dəyişikliklər etmək hüququna malikdir.
414.5. Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.
414.6. Məhkumun bəraət almış və ya barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin xeyrinə dövlət ittihamçısının verdiyi kassasiya protesti məhkumun, bəraət almış və ya yuxarıda göstərilən şəxsin və onların qanuni nümayəndələrinin razılığı olmadan dövlət ittihamçısı tərəfindən geri götürülə bilməz.
414.7. Kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nümayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda müvafiq olaraq birinci və ya apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir.
414.8. Kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır.