Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Dövlət hakimiyyəti

https://courts.gov.az/az/main/page/Dovlt-hakimiyyti_3056

2017-05-29 16:42:23

Dövlət hakimiyyəti

Konstitusiya

 

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
 
- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
 
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
 
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
 
- xalqın iradəsinin ifadəsi olaraq qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
 
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
 
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Konstitusiyanın 1-ci maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
 
Konstitusiyanın 2-ci maddəsinə uyğun olaraq sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi — referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
 
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
 
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və hakimiyyət qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünür. Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
 
Konstitusiyanın 12-ci maddəsinə əsasən, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir.
 
 

Dövlət quruluşu

 
Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Milli Məclis (parlament) həyata keçirir; icra hakimiyyəti Prezidentə mənsubdur; məhkəmə hakimiyyətini məhkəmələr həyata keçirir (Konstitusiyanın 7-ci maddəsi).
 
 

Qanunvericilik hakimiyyəti

 
Tək palatadan ibarət olan Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir. 125 deputatdan ibarət olan Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildir (Konstitusiyanın 81-82-ci maddələri).
 
 

İcra hakimiyyəti

Dövlət başçısı

 
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan Respublikasında icra hakimiyyəti Prezidentə mənsubdur (Konstitusiyanın 99-cu və 101-ci maddələri).
 

Hökumət başçısı

 
Prezident Milli Məclisin razılığı ilə Baş naziri vəzifəyə təyin edir; Prezidentin icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Baş nazir Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir (Konstitusiyanın VI fəsli).
 
 

Məhkəmə hakimiyyəti

 
Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələr həyata keçirir. (Konstitusiyanın 125-ci maddəsi).