Daxil ol

Daxil ol

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD MƏHKƏMƏ PORTALI

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə icra etdiyi layihələr

https://courts.gov.az/az/main/page/Azrbaycan-Hokumtinin-Dunya-Banki-il-birg-icra-etdiyi-layihlr_3523

2020-08-15 19:29:06

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə icra etdiyi layihələr

Azərbaycan Respublikasında ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi məqsədilə Azərbaycan Hökuməti Dünya Bankı ilə birgə iki irihəcmli layihə həyata keçirir.

Birinci layihə - “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi 2006-2014-cü illəri əhatə etmiş, ikinci layihə “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihə isə 2015-2024-ci illər ərzində icra olunur.

Həmin Layihələrin rəhbəri Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini cənab Azər Cəfərov, Layihə koordinatoru hakim Ramin Qurbanovdur. Dünya Bankı tərəfdən layihələrin rəhbərləri David Bernşteyn (ABŞ), Klaus Deker (Almaniya), Amit Muheredje (ABŞ) olmuşdur. Hazırda layihənin icrasına rəhbərliyi Eva Melis (Almaniya) və Valeed Malik (ABŞ) həyata keçirir.

Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində şəffaflıq, səmərəlilik və effektivlik prinsiplərinin təmin olunması, vətəndaşların ədliyyə təsisatlarına çıxışının asanlaşdırılması məqsədilə layihələr çərçivəsində aşağıdakı işlər görülmüşdür:

- müasir məhkəmə infrastrukturu, yəni məhkəmə binaları və komplekslərin standartları hazırlanmışdır. Məhkəmə işinin təşkilini daha da asanlaşdırmaq üçün ilk dəfə olaraq zonalaşma prinsipi tətbiq olunmuşdur. Nəticədə məhkəmə binaları və komplekslərin sahələri ictimai zona (vətəndaşlar, icra məmurları, dövlət ittihamçıları, vəkillər), inzibati zona (hakimlər, məhkəmə işçiləri), məhkəmə zalları zonası və penitensiar zonasına (penitensiar xidməti işçiləri, təqsirləndirilən şəxslər) bölüşdürülmüşdür. Bu standartlar əsasında 41 məhkəmə və ədliyyə qurumlarının yerləşəcəyi 22 məhkəmə binası və məhkəmə kompleksinin layihələri hazırlanmışdır. Bu vaxta kimi ən qabaqcıl beynəlxalq standartlara cavab verən İKT-lərlə təchiz olunmuş və elektron ədliyyə sistemlərinin tətbiqi mümkün olan 6 məhkəmə binası və 2 kompleks istifadəyə verilmiş, 2 bina və 1 kompleksin inşası davam etdirilir. Onlardan Bakı şəhərinin Yasamal və Nərimanov rayon məhkəmələri və Oğuz rayon məhkəməsinin yeni inzibati binalarının, habelə Şəki və Sabunçu məhkəmə komplekslərinin açılışları ölkə başçısının iştirakı ilə keçirilmişdir;

- “Elektron notariat” sistemi yaradılaraq istifadəyə verilmiş, habelə Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları zəruri İKT avadanlıqları ilə təchiz olunmuşdur;

- “Elektron məhkəmə” və “Elektron icra” sistemlərinin yaradılması üçün beynəlxalq və milli ekspertlərin iştirakı ilə təhlillər aparılmış, on ili əhatə edən tədbirlər planı hazırlanmış və həmin sistemlər yaradılaraq tətbiq olunmuşdur;

- bütün ədliyyə orqanlarını əhatə edən vahid İKT şəbəkəsi infrastrukturunun qurulması məqsədilə beynəlxalq ekspertlər cəlb olunmaqla ədliyyə və məhkəmə orqanlarının inzibati binalarının mövcud vəziyyəti təftiş edilmişdir;

- ölkə başçının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanı və “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin yaradılması və tətbiqi ilə bağlı xeyli işlər görülmüş, artıq 68 məhkəmə (ölkə üzrə bütün məhkəmələrin 61%)  və 34 icra və probasiya qurumlarında (ölkə üzrə bütün belə qurumların 40%) zəruri informasiya texnologiyaları infrastrukturu yaradılmışdır. Hazırda Gəncə və Şirvan yurisdiksiyalarına daxil olan məhkəmələrdə, icra və probasiya qurumlarında, habelə bütün penitensiar və ədliyyə orqanlarında, o cümlədən qeydiyyat şöbələrində zəruri İKT infrastrukturun, habelə məsafədən dindirilmə üçün videokonfrans şəbəkəsinin yaradılması üzrə işlər aparılır;

- bütün ədliyyə və məhkəmə orqanlarını əhatə edən Bakı Əsas Məlumat Mərkəzi və regionda Ehtiyat Məlumat Mərkəzi yaradılmış və beynəlxalq sertifikatlaşmadan uğurla keçirilmişdir;

- məhkəmə sistemində şəffaflığın təmin olunması və müraciətetmə imkanlarının asanlaşdırılması məqsədilə bütün məhkəmələri əhatə edən Vahid Məhkəmə Portalı yaradılmışdır (www.courts.gov.az);

- vətəndaşların və hüquqi şəxslərin məhkəmələrə əlçatımlığının daha asanlaşdırılması və elektron xidmətlərin göstərilməsinin səmərəliliyinin artırılması məqsədilə “Proses İştirakçısının Elektron Şəxsi Kabineti” yaradılmış, habelə ilk dəfə olaraq “Elektron məhkəmə” sisteminin mobil tətbiqi istifadəyə verilmişdir;

- məhkəmə sisteminin tarixində ilk dəfə olaraq süni intellektdən istifadə olunaraq “Əmr icraatında” baxılan mülki işlərdə hakimlər əvəzinə robotlar tərəfindən məhkəmə qərarı verilmişdir (39.700-dən çox məhkəmə qərarı çıxarılmış və onlardan cəmi 6,7% etiraz verilmişdir). Dünya Bankının 2018-ci ildə dərc etdiyi “İnnovasiya və idarələrarası koordinasiya yolu ilə dövlət sektorunun səmərəliliyinin artırılması” adlı beynəlxalq hesabatında yaradılmış “Elektron əmr icraatı” informasiya sistemi (“İpək Yolu” layihəsi) dünyada uğurlu layihə kimi qiymətləndirilmişdir;

- “Elektron məhkəmə” sisteminin altkomponenti olan məhkəmə statistikasının analitik modulu Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” Müsabiqəsi çərçivəsində mükafata layiq görülmüşdür;

- Məhkəmə-Hüquq Şurasının, Konstitusiya və Ali məhkəmələrinin, habelə Ədliyyə Akademiyası və Vəkillər Kollegiyasının idarəetmə potensialının gücləndirilməsi üzrə təhlillər aparılmış və onların müasir avadanlıqlar və proqram təminatı ilə təchizatı üzrə kompleks tədbirlər görülmüşdür;

- beynəlxalq ekspertlər cəlb olunmaqla yuvenal ədliyyənin, mediasiya institutunun, ədliyyə sahəsində gender siyasətinin həyata keçirilməsi, məhkəmə qərarlarının keyfiyyətinin artırılması, özəl icra qurumlarının yaradılması üzrə geniş tədqiqatlar aparılmış və onların inkişafına dair strategiyalar hazırlanmışdır;

- beynəlxalq ekspertlərin iştirakı ilə mediasiya sahəsində təhlilllər aparılmış, pilot olaraq mediasiya mərkəzləri tətbiq olunmuş və CEPEJ-in ekspertləri ilə birgə “Mediasiya haqqında” qanun layihəsi hazırlanmışdır;

- pulsuz hüquqi yardım fəaliyyəti üzrə 15 minədək aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilmiş, hüququn müxtəlif sahələri üzrə sorğular keçirilmiş və vətəndaşların ən çox ehtiyacı olan hüquq sahələrinə dair məlumat kitabçaları dərc olunaraq paylanılmışdır;

- insan kapitalının inkişafı məqsədilə üç mindən çox hakim, ədliyyə və məhkəmə işçisi üçün informasiya texnologiyaları üzrə davamlı tədris tədbirləri təşkil olunmuş, genişmiqyaslı maarifləndirmə işləri aparılmışdır;

- ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi, “süni intellekt”, “intelektual idarəetmə”, “proqnozlaşdırılan ədliyyə” sistemlərinin tətbiqi ilə bütün ölkə üzrə əhaliyə mütərəqqi elektron hüquqi xidmətlərin göstərilməsi kimi işlərin görülməsi nəzərdə tutulur ki, bunlar ölkədə investisiya mühitinin yaxşılaşdırılması, ədliyyə və məhkəmə sisteminin daha da müasirləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına gətirib çıxaracaqdır;

- Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlığının 20 və 25 illiyinin qeyd olunması zamanı Dünya Bankı Azərbaycanda həyata keçirilən layihələr sırasında ədliyyə sahəsində həyata keçirilən layihəni ən uğurlu idarə olunan və icra edilən layihə kimi qiymətləndirmiş, habelə müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan etmişdir.