Avropa Şurası tərəfindən 4 oktyabr 2018-ci il tarixində Fransanın Paris şəhərində saat 11:00-da Avropada Ədliyyə Sisteminin Səmərəliliyi və Keyfiyyəti üzrə CEPEJ-in (Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası) Hesabatının 2018-ci il buraxılışını təqdim etmək üçün mətbuat konfransı keçirilmişdir.

 

CEPEJ-in Hesabatı Avropa Şurasına üzv olan 45 dövlətdə, həmçinin İsrail və Mərakeşdə toplanılmış məhkəmə sistemi, ədliyyə, prokurorluq və vəkillər barədə məlumatların, o cümlədən ədliyyə sistemlərinin büdcələri, ədliyyə sahəsinin peşəkarları, ədliyyə sisteminin təşkili, həmçinin vətəndaşlara göstərilən ədliyyə xidmətlərinin səmərəliliyi və keyfiyyəti üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilindən ibarətdir.

 

Hesabatın təqdimatı Məhkəmə Sistemlərinin Qiymətləndirilməsi üzrə İşçi Qrupunun sədri Jan-Pol Jan tərəfindən həyata keçirilmişdir. Hesabat Avropanın müxtəlif kütləvi informasiya vasitələri və digər qurumların nümayəndələri tərəfindən maraqla qarşılanmışdır. Eyni zamanda, mətbuat konfransı Avropa Şurasının rəsmi saytında (www.coe.int) canlı yayımlanmışdır.

Mətbuat konfransının materiallarını ingilis və fransız dillərində Avropa Şurasının rəsmi veb-səhifəsindən əldə etmək olar.

 

 

Avropa Şurası

Mətbuat katibi – Mətbuat Şöbəsi: Estelle Ştayner (Steiner@coe.int)

CEPEJ: Anette Sattel (Annette.Sattel@coe.int)