Əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə ölkəmizdə COVİD-19 virusu pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Həmin tədbirlər sırasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə 17 mart 2020-ci il tarixli Təlimatına, Koronavirus (COVİD-19) infeksiyasına qarsı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 2020-ci il tarixli, 9-T nömrəli Əmrinə və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli, 5 nömrəli Qərarına əsasən Gəncə Apelyasiya  Məhkəməsində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, icraatda olan digər işlərə baxılması və vətəndaşların qəbulu müvəqqəti olaraq təxirə salınmışdır.

Bununla əlaqədar olaraq vətəndaşlar məhkəmə fəaliyyəti ilə bağlı Gəncə Apelyasiya Məhkəməsinin 022-266-08-22  telefon nömrələri ilə əlaqə saxlayıb lazımi məlumatlar əldə edə, müraciətlərini məhkəmənin www.gancaappealcourt.gov.az internet saytının «Məktub yazmaq» bölməsinə daxil olub  elektron formada və ya contact@gancaappealcourt.gov.az elektron poçt ünvanına, eləcə də 012-585-25-67 nömrəsinə faksla göndərə bilərlər.

Qeyd olunur ki, daxil olan bütün müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada baxılması təmin ediləcəkdir.