28 fevral 2020-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri İnqilab Nəsirov, Rahib Nəbizadə, İlqar Xələfov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Cəfərov, habelə Gəncə Apelyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin hakimləri iştirak etmişlər.

İclası giriş sözü ilə Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov açaraq bildirmişdir ki, müstəqil respublikamız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə gedərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və möhkəmlənir, iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən mütərəqqi islahatlar aparılır.Ölkəmizin hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir.Ötən il ədliyyə və məhkəmə-hüquq sistemi üçün dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm "yol xəritəsi" olmaqla islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına rəvac verib. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Proqramının və Fərmanın icrası çərçivəsində 2019-cu ildə xeyli işlər görülüb.

İclasın gündəliyinə uyğun olaraq məhkəmənin sədri Tapdıq Mahmudov Gəncə Apelyasiya Məhkəməsinin 2019-cu ildəki fəaliyyətinə, kollegiya sədrləri tərəfindən məhkəmə kollegiyalarının 2019-cu ildə baxdığı işlər barədə hesabatları dinlənilmişdir.

Birinci instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən yol verilən bir sıra nöqsanlar Gəncə Apelyasiya Məhkəmələrinin sədri, sədrinin müavini və kollegiya sədrləri tərəfindən birinci instansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırılmış, bununla bağlı müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Daha sonra, Ali Məhkəmənin hakimləri İnqilab Nəsirov, Rahib Nəbizadə, İlqar Xələfov çıxış edərək Gəncə Apelyasiya Məhkəməsinin qərarlarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayətlərinə baxılması vəziyyətinə dair məlumat vermiş, işlərə baxılarkən müəyyən olunmuş nöqsanları hakimlərin diqqətinə çatdırmışlar. Ali Məhkəmənin hakimləri çıxışlarında konkret işlər üzrə müəyyən olunmuş məhkəmə təcrübəsinə dair məlumat vermişlər.

Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Cəfərov ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə Ədliyyə Nazirliyinə daxil olan müraciətlər barədə məlumat vermiş, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3  aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətini vurğulayaraq həmin Fərmandan irəli gələn vəzifələrin icrasının vacibliyini qeyd etmiş, Fərmanın icrasına dair görülmüş işlər barədə məlumat vermişdir.

Rəyasət Heyətinin iclasını Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov yekunlaşdıraraq, hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamışdır.