05 mart 2021-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin fəaliyyətinə dair 2020-ci ilin yekunlarına həsr olunmuş Rəyasət Heyətinin iclası Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq videoformatda həyata keçirilmişdir.

İclasda Rəyasət Heyətinin üzvləri – Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, sədrin müavini Nuru Quliyev, Mülki kollegiyanın sədri Rəhman Muradov, Cinayət kollegiyasının sədri Teyyub Muxtarov, İnzibati kollegiyanın sədri Rəşad Mamedov  və Kommersiya kollegiyasının sədri Şamil Rzaquliyev iştirak etmişlər.

Həmçinin, iclasa Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Hafiz Nəsibov, Mülki kollegiyanın hakimi Əhməd Nurməmmədov, İnzibati kollegiyanın hakimi Rahib Nəbizadə, Kommersiya kollegiyasının sədri Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin Xidməti araşdırmalar idarəsinin rəisi Anar Cəfərov və Gəncə Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri qoşulmuşlar.

İclası giriş sözü ilə Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov açmış və gündəlikdə olan məsələlər barədə məlumat vermişdir. İclasın gündəliyinə Gəncə Apelyasiya Məhkəməsinin məhkəmə kollegiyalarının 2020-ci ilin birinci yarısında baxdıqları işlər barədə cinayət, mülki, inzibati və kommersiya kollegiyalarının sədrlərinin hesabatlarının dinlənilməsi, Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan işlərə 2020-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılması vəziyyətinə dair hesabatın dinlənilməsi daxil edilmişdir.

Rəyasət Heyətinin sədri T.Mahmudov bildirdi ki, 2020-ci il dövlətimiz üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Bu hadisələrin ən önəmlisi müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sərkərdəliyi və rəşadətli ordumuzun hünəri ilə  30 il düşmən işğalında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi olmuşdur. T.Mahmudov bizlərə yaşatdıqları  qürur və fəxarət hissləri üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, ordumuzun hər bir əsgər və zabitinə təşəkkür edərək, yaralı qazilərə şəfa diləmişdir.

Daha sonra iclasda Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

İclasın gündəliyinə uyğun olaraq məhkəmənin sədri T.Mahmudov 2020-ci ildə Gəncə Apelyasiya Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair geniş məlumat vermişdir.

Daha sonra məhkəmə kollegiyalarının sədrlərinin müvafiq kollegiyalar tərəfindən 2020-ci ildə baxılmış işlər barədə hesabatları təqdim olunmuşdur.

İclasda iştirak edən Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov, Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Əhməd Nurməmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abıyeva və İnzibati Kollegiyanın hakimi Rahib Nəbizadə çıxış edərək mövcud məhkəmə təcrübəsi barədə geniş məlumat vermiş, Gəncə Apelyasiya Məhkəməsinin qərarlarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilmiş kassasiya şikayətlərinə baxılması vəziyyətini, işlərə baxılarkən müəyyən olunmuş nöqsanları hakimlərin diqqətinə çatdırmış və tövsiyələr vermişlər. Həmçinin, Ali Məhkəmənin hakimləri çıxışlarında konkret işlər üzrə müəyyən olunmuş məhkəmə təcrübəsinə dair məlumat vermişlər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Cəfərov ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 2020-ci ildə Ədliyyə Nazirliyinə daxil olan müraciətlər barədə məlumat verərək, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3  aprel 2019-cu il tarixli Fərmanın icrasına dair görülmüş işlər barədə danışmışdır.

Gündəlikdə olan məsələlərə dair Rəyasət Heyətinin üzvləri tərəfindən təqdim olunan hesabatlar qəbul olunmuşdur.

Rəyasət Heyətinin iclasını Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov yekunlaşdıraraq, hakimlərə işlərə baxılarkən müəyyən edilmiş pozuntuların və nöqsanların aradan qaldırılması, qanunvericiliyin tələblərinə dönmədən əməl edilməsini tövsiyə etmiş və onlara gələcək fəaliyyətlərində, ədalət mühakiməsinin həyata keçirilməsində uğurlar arzulamışdır.