Daxil ol

Daxil ol

Bərdə Rayon Məhkəməsi

Məhkəmə haqqında

https://courts.gov.az/az/barda

2016-12-04 15:53:37

Məhkəmə haqqında

Bərdə Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Bərdə rayonu 1930-cu ildə yaradılmışdır. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir. Ərəb tarixçisi Bəlazuri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movsev Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzun (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur. Sasanilər dövründə Bərdə canişinliyin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdi. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdi. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi. Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə Səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur.

Rayonun ərazisi 957 km², əhalisi 136 min nəfərdir (13 iyun 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Bərdə rayonunda 33582 qaçqın və məcburi köçkün məskunlaşmışdır. Rayon Yevlax, Tərtər, Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir.