Zərdab Rayon Məhkəməsi

Zərdab Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Zərdab rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Zərdab Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməmişdir. Rayonun ərazisi qədim insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu. XIV əsrin Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhəri "Tarix-e Şeyx Uveys" əsərində monqol hökmdarları Hülakuların tarixindən bəhs edərək yazır ki, Abaqa xanın hakimiyyəti dövründə (1265-1282) Hülakular dövləti lazımi qədər möhkəm idilər, 1266-cı ildə "Abaqa xan buyurdu ki, Kür çayı sahilindən və Delan Naurdan Gərdmun səhrasına kimi ərazini şahzadələrdən Səmağar, Menku-Temur və Ulcay xatun tutsunlar. Bu yer onların qışlaq yurdu oldu"... Əsərdə haqqında danışılan Delan Naur monqol dilində “Yetmiş göl” deməkdir, monqollar Kürün şimalında Hacıqabul, Kürdəmir, Zərdab ərazilərində mövcud olmuş gölləri bu cür adlandırmışlar.

Rəvayətə çox-çox qədimlərdə Zərdab ərazisində - Bıçaqçı kəndi yaxınlığından başlanan Yerayız adlı böyük və zəngin şəhər varmış. Bu şəhər hansı səbəbdənsə məhv olub yer altında qalmışdır. Hətta indi də o ətrafdakı kəndlərdə adamlar bir-birlərinə, "İndi ki Yerayız şəhəri yoxdur ki, qaçıb orda gizlənəsən, səni də tapmaq mümkün olmaya" deyirlər.

Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. "Azərbaycan SSR atlası" kitabında (Bakı-Moskva, 1963, səh.208.) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ("Qoyun ulumu"ndan — bu sözlər qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan (Sabirabad rayonu) Kürü keçmiş, Zərdaba ("Qoyun ülumu"na) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir.

Bu günkü Zərdab şəhəri 1578-ci ilə aid türk mənbələrində "Zərdab sancağı" kimi göstərilir. Həsən bəy Zərdabi 1884-cü ildə Zərdabın 500 evdən ibarət olduğunu yazır. 1827-ci ildən yelkənli iri çay gəmiləri Zərdab ərazisində Kür çayı boyunca yük daşıyırdılar. H.Zərdabi qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşovun H.Z.Tağıyevdən icarəyə götürdüyü və redaktorluğun ona həvalə olunduğu "Kaspi" qəzetində 1892-ci ildə belə yazırdı: "Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır..."

1935-ci ildə Zərdab bölgəsi Göyçay rayonunun tərkibində idi. XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. Eyni vaxtda yəni 05 fevral 1935-ci ildə Zərdab Rayon Xalq Məhkəməsi (indiki Zərdab Rayon Məhkəməsi) yaradılmışdır. 01 yanvar 1963-cü ildə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Rayonun ümumi ərazisi 860 km², əhalisinin sayı isə 54 min 376 nəfərdir (01 iyun 2011). Zərdab rayonu Respublikanın mərkəzi hissəsində, Kür çayının sahillərində yerləşir. “Aran” iqtisadi zonasına daxildir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Zərdab rayonunda 840 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Rayon Kürdəmir, Ağdaş, Ucar və Ağcabədi rayonları ilə həmsərhəddir.