Tovuz Rayon Məhkəməsi

Tovuz Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Tovuz rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Tovuz Rayon Məhkəməsinin binası



Tovuz rayonu haqqında qısa məlumat

Tovuz rayonu Azərbaycan Respublikasının qərbində yerləşir və Gəncə-Qazax iqtisadi zonasına daxildir. Tovuz rayonu inzibati rayon kimi 1930-ci ildə təşkil olunmuşdur. 1932-ci ildə isə Tovuz Rayon Xalq məhkəməsi yaradılmışdır (indiki Tovuz Rayon Məhkəməsi). Rayonun ərazisi şimalda Gürcüstan respublikasının (Cənub-Şərqi Kaxetiyanın) Dedoplis-Tsxaro rayonu qərbdə Ağstafa rayonu, cənubda Azərbaycanın tarixi torpaqları olan, sonralar zorakı yolla Ermənistan Respublikasının tərkibinə daxil edilmiş Şəmşəddil rayonu və Azərbaycan Respublikasının Gədəbəy rayonu ilə, şərqdə Şəmkir və Samux rayonları ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 70 km, qərbdən şərqə orta hesabla 25 km uzanır. Bu rəqəmlərdən görünür ki, rayon ərazisi şimaldan cənuba daha çox uzanır. Onun ən geniş yeri Ceyrançöldə (40 km), ən ensiz yeri Əsrik Cırdaxan kəndi enliyində (10 km) yerləşir. Rayonun qonşu rayon və cənubi Qafqaz dövlətləri ilə sərhədlərinin ümumi uzunluğu 290 km-dir. Bunlardan 26 km Gürcüstan respublikası ilə, 68 km-i Ağstafa rayonu ilə, 69 km-i Ermənistan respublikası ilə, 60 km-i Gədəbəy rayonu ilə, 80 km-i isə Şəmkir və Samux rayonları ilə olan sərhədlərin payına düşür. Göstərilən sərhədlər daxilində Tovuz rayonunun sahəsi 1903 km², əhalisi isə 159 min 700 nəfərdir (24 iyun 2011). 39 inzibati ərazi dairəsinin tərkibində 1 şəhər (Tovuz şəhəri), 1 şəhər tipli qəsəbə (Qovlar qəsəbəsi) və 102 kənd mövcuddur.

Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Tovuz rayonunda 930 nəfər qaçqın, 36 nəfər məcburi köçkün məskunlaşmışdır.