Şəmkir Rayon Məhkəməsi

Şəmkir Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şəmkir rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Şəmkir Rayon Məhkəməsinin binası



Rayon haqqında qısa məlumat

Şəmkir - Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1991-ci ilədək Şamxor rayonu adlandırılmışdır. Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabının çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır. Şəmkir rayonu əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. Şəmkir rayonu əsasən aqrar sektorda inkişaf etmişdir.

Şəmkir Rayon Məhkəməsi 1920-ci il tarixdə yaradılmışdır. Sonradan məhkəmə adına dəyişiklilər edilərək 1920-1991-ci ilərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şamxor Rayon Xalq Məhkəməsi, 1991-2000-ci il illər Şəmkir Rayon Xalq Məhkəməsi, 1997-ci il tarixdən isə Şəmkir Rayon Məhkəməsi adlanmışdır.

Rayonun əhalisinin sayı 196 min 835 nəfər, ərazisi isə 1660.00 km2-dir. Rayon Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Şəmkir rayonunda 14.000 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır.