Şamaxı Rayon Məhkəməsi

Şamaxı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şamaxı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Şamaxı Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Şamaxı Baş Qafqaz silsiləsinin cənub-şərq ətəklərində yerləşən Şamaxı Azərbaycanın qədim tarixə malik şəhərlərindən biridir. Sahəsi 1611 km², əhalisi 85,3 min nəfərdir. Rayonda 1 şəhər, 4 qəsəbə və 53 kənd vardır ki, bu yaşayış məntəqələri 37 İcra nümayəndəliyi və 37 bələdiyyə vasitəsi ilə idarə olunurlar. ilk dəfə adı yunan coğrafiyaşünası Ptolomeyin əsərində "Samaxeya" və "Kemaxeya" kimi çəkilən Şamaxı haqqında bir çox antik dövr ərəb, fars, türk, rus və orta əsr Avropa müəllifləri geniş məlumatlar vermişlər. Şamaxı uzun illər ərəb xilafəti tabeçiliyində bir ərazi olmuşdur. Bu xilafət zəifləkdikdən sonra Şamaxıda feodal dövləti olan Şirvanşahlar dövləti yaranmışdır. Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Bu vaxtlar paytaxt şəhər Yezidiyə adlanırdı. Şirvanşahlar dövlətinin çiçəklənməsi I Şah İbrahimin dövrünə təsadüf edir. Bu dövrü əhatə edən 1382-1417-ci illərdə Şamaxı həm iqtisadi, həm də mədəni cəhətdən sürətlə inkişaf etmiş və bir sıra xarici ölkələrlə böyük ticarət əlaqələri qurmuşdur. Şirvanşahlar dövləti süqut etdikdən sonra isə bu ərazi bəylərbəyi üsul-idarəsi ilə idarə edilmişdir. Buna baxmayaraq Şamaxı yenidən ayağa qalxmış, öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmişdir. Tez-tez baş verən zəlzələlər şəhəri bir neçə dəfə tamamilə dağıtmışdır. Ona görə də şəhərdə qədim tarixi abidələr, demək olar ki, qalmamışdır. Qərbi, şərqi və cənubu birləşdirən bir mərkəz olan Şamaxıda rus tacirlərinin öldürülməsi nəticəsində İran-Rus müharibəsi başlandı. Böyük Pyotr Şamaxı üzərinə yeridi və onu əsl xarabazara çevirdi. XVIII əsrin ortalarında xanlığa çevrilən Şamaxı on doqquzuncu yüzilliyin əvvəllərində Rusiyanın tərkibinə daxil olmuşdur. Bundan sonra Şamaxı qəza və quberniya mərkəzinə çevrilmişdir. 1920-ci ildə Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildikdən sonra Şamaxı on il yenə də quberniya mərkəzi olmuşdur.  1859-cu ilin may ayında Şamaxıda baş verən dəhşətli zəlzələ nəticəsində şəhər tamamilə dağılmış və quberniya mərkəzi Bakı şəhərinə köçürülmüşdür.

Şamaxı 1930-cu il 08 avqust ayından hal-hazıra kimi inzibati ərazi quruluşuna malikdir.  Həmin ildə də Şamaxı rayon Xalq məhkəməsi yaradılmışdır (indiki Şamaxı Rayon Məhkəməsi). Rayonun Ümumi ərazisi 1547 kv.km, əhalisi isə 92 min 497 nəfərdir (01 yanvar 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Şamaxı rayonunda 4250 nəfər qaçqın, 1160 nəfər məcburi köçkün məskunlaşmışdır. Dağlıq Şirvan iqtisadi zonasına daxil olan Şamaxı rayonu Ağsu, İsmayıllı, Qobustan, Xızı və Quba rayonları ilə həmsərhəddir.