Şahbuz Rayon Məhkəməsi

Şahbuz Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şahbuz rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Şahbuz rayonu  Naxçıvan Muxtar Respublikasının şimalında yerləşir. Dağlıq ərazidir. Ən yüksək nöqtəsi Salvartı (3160 metr), Keçəldağdır (3115 metr). Biçənək dağ aşırımı da buradan keçir. Muxtar respublikanın bütün ərazisində olduğu kimi, burada da çoxlu yeraltı sular, o cümlədən "Badamlı", "Batabat", "Karvansara", "Biçənək" mineral suları axır. Burada kükürd, tikinti materialları, torf yataqları var. Naxçıvançay və onun qolları: Kükü, Şahbuz, Salvartı axır. Göllər - Qanlıgöl, Batabat. Dağlarda meşə massivləri var. Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, antik dövrə və orta əsrlərə aid yaşayış yerləri və qəbir abidələri qeydə alınmış və öyrənilmişdir. Küküçay boyunca e.ə. 3-cü minilliyə aid yaşayış yerləri aşkar olunmuşdur.

Şahbuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən Babək) rayonuna verilmişdi. 1965-ci ildən yenidən müstəqil rayondur. 23 avqust 1934-cü ildə Azərbaycan MİK və XKS-in qərarı ilə “Məhkəmə quruluşu haqqında” 1927-ci ildə qəbul edilmiş Əsasnamədəki dəyişikliyə əsasən Naxçıvan MSSR-də xalq məhkəmələri yaradılmışdır. O vaxtdan da Şahbuz Rayon Xalq Məhkəməsi fəaliyyətə başlamışdır (indiki Şahbuz Rayon Məhkəməsi).

Ərazisi 814.97 km²-dir. Əhalisinin sayı 26 min nəfərdir (23 iyun 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Şahbuz rayonunda 70 ailədən ibarət 292 nəfər qaçqın və 2 ailədən ibarət 10 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon şimalda və şərqdə Ermənistan Respublikası ilə həmsərhəddir.