Şabran Rayon Məhkəməsi

Şabran Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Şabran rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Şabran Rayon Məhkəməsinin binası


 

Rayon haqqında qısa məlumat

Şabran - V-XVIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri Məsqətin və Şirvanın mərkəzi olmuşdur. Ptolomeydə (II əsr) bu şəhərin adı Sapothrenae kimi çəkilir. Onun qalıqları Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığındadır. Burada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxır. Şabran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı çayın üstündə idi. Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edirlər. Görünür, Şəbəran adı (1124 ilə aid gürcü səlnaməsində qeyd olunmuş forma) onun Azərbaycanda rast gəlinən Şapur İran adı ilə bağlılığına işarədir. Türkiyəli səyahətçi Evliyə Çələbi 1647-ci ildə Şabranda olarkən yazırdı:...İranın Təbrizdən sonra ikinci şəhəri sayılır. Şabranın iqtisadiyyatı keramikanın istehsalında qurulmuş idi. Şabran şəhəri (keçmiş Dəvəçi rayonu) 1930-cu ildə yaradılmış və həmin tarixdə də Dəvəçi Rayon Xalq məhkəməsi (indiki Şabran Rayon məhkəməsi) yaradılmışdır. Rayon Quba-Xaçmaz iqtisadi zonasına daxildir. Ümumi sahəsi 1088 km2, əhalisnin sayı isə 52 min nəfərdən çoxdur (14 iyun 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Şabran rayonunda 345 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il aprel ayının 13-də imzaladığı sərəncamla Dəvəçi rayonun adı dəyişdirilərək Şabran rayonu adlandırılmışdır. Rayon Siyəzən, Quba və Xaçmaz rayonları ilə həmsərhəddir.