Samux Rayon Məhkəməsi

Samux Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Samux rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Samuxun tarixi və adının mənşəyi haqqında müxtəlif fikirlər mövcudur. Daha geniş qəbul olunmuş fikirlərə görə "Samux" adının mənşəyi qədim alban toponimləri ilə əlaqədar olub, "meşəlik", "ağaclıq" mənasını verir. Rayon öz tarixi adına yalnız Azərbaycan müstəqillik qazanadan sonra, 1992-ci ildə qovuşmuşdur. O vaxta qədər isə Azərbaycanın digər inzibati bölümlərinə tabe olmuş, bir müddət isə Səfərbəyli adını daşımışdır. Rayon ərazisi Kür çayının sağ və sol sahillərindəki düzənliklərdə yerləşir. Rayonun ərazisindən Qabırrı, Qanıx çayları, Qarayeri qəsəbəsindən isə Quşqara çayı keçir. Rayonun şimal sərhəddində Bozdağ və Ceyran çöl qış otlaqları yerləşir. Samux rayonu ilk dəfə 08 avqust 1930-cu il tarixdə yaradılmış, 1959-cu ildə ləğv edilərək Gəncə şəhərinin tərkibinə daxil edilmiş, 1963-cü ildən keçmiş Xanlar (indiki Göygöl) rayonuna birləşdirilmişdir. 18 vevral 1992-ci ildən yenidən müstəqil rayon kimi bərpa edilmişdir. Rayonun ərazisinin ümumi sahəsi 1455 km2, əhalisinin sayı 53 min 614 nəfərdir (20 iyun 2011). Rayonda 1 şəhər, 6 qəsəbə və 28 kənd vardır. Rayonda 23 ərazi nümayəndəliyi və 23 bələdiyyə fəaliyyət göstərir. Samux rayonu Gürcüstan Respublikası, Tovuz, Şəmkir, Göygöl rayonu ilə, Gəncə şəhəri, Goranboy, Yevlax və Qax rayonu ilə həmsərhəddir.