Sədərək Rayon Məhkəməsi

Sədərək Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Sədərək rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon və məhkəmə haqqında qısa məlumat

Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon statusu almışdır. Əhalisi 14487 nəfərdir, onlardan 49 nəfəri qaçqın, 369 nəfəri məcburi köçkündür.

Rayonda 3 kənd və 1 qəsəbə vardır. Sədərək rayonu cənub-qərbdən 11 km məsafədə Türkiyə Respublikası ilə, şimal-qərbdən 24 km məsafədə Ermənistan Respublikası ilə, cənub-şərqdən 27 km məsafədə Şərur rayonu ilə həmsərhəddir. Sədərək rayonu Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir.

Kərki kəndi 1990-cı ildən işğal altındadır, əhalisi məcburi köçkün kimi respublikanın müxtəlif yerlərində məskunlaşmışdır. Heydərabad qəsəbəsinin əsası 1982-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, 23 mart 2000-ci ildə qəsəbə statusu almışdır. Sədərək rayonun mərkəzidir.

Sədərək Rayon Məhkəməsi 1993-cü ilin may ayından fəaliyyət göstərir və onun yurisdiksiyası Sədərək rayonu ərazisinə şamil edilir, əvvəlki adı Sədərək Rayon Xalq Məhkəməsi olubdur.

Sədərək Rayon Məhkəməsi Sədərək rayon mərkəzində - Heydərabad qəsəbəsində xüsusi olaraq inşa edilmiş inzibati binada yerləşir. Məhkəmənin yüksək statusu ilə şərtləndirilən müasir əyarlara uyğun inşa edilmiş məhkəmə binası 18 iyun 2008-ci il tarixində istifadəyə verilmişdir.