Laçın Rayon Məhkəməsi

Laçın Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Laçın rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon və məhkəmə haqqında qısa məlumat

Laçın Rayon Məhkəməsi 1930-cu ildə yaradılmış, yaradıldığı vaxtdan Laçın Rayon Xalq Məhkəməsi kimi fəaliyyət göstərmişdir. Laçın rayonu inzibati ərazisində yerləşmişdir. 1992-ci ilin may ayının 18-də Laçın rayonu erməni işğalçıları tərəfindən işğal edildikdən sonra Ağcabədi rayon inzibati ərazisində fəaliyyət göstərmişdir. 1996-cı ildə isə adı dəyişdirilərək Laçın Rayon Məhkəməsi adı altında fəaliyyətini davam etdirir.

Laçın – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə bu əraziyə rayon statusu verilmişdir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Laçın rayonu işğal olunanda 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.