Xocavənd Rayon Məhkəməsi

Xocavənd Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Xocavənd rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

26 noyabr 1991-ci il tarixdə DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Xocavənd - rayonu 2 oktyabr 1992-ci il Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Rayon respublikanın Qarabağ silsiləsinin cənub-şərq kənarı, şərqdə və cənub şərqdə əsasən ağətəyi düzənlikdə yerləşir və Yuxarı Qarabağ iqtisadi zonasına daxildir. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıqd;r. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədərdir. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib. Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tuturdu.

Rayonun ərazisi 1458 km², əhalisinin sayı 42 min 51 nəfərdir. Rayonda 1 şəhər, 2 qəsəbə və 83 kənd mövcud idi. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş Xocavənd rayonunun sakinləri respublikanın 35 şəhər və rayonlarında məskunlaşmışlar. Belə ki, Beyləqan rayonunda 1101 ailə, 4404 nəfər, Ağcabədi rayonunda 467 ailə, 1903 nəfər və Bakı şəhərində 905 ailə, 3596 nəfər məskunlaşmışdır. Məcburi köçkünlərin sayı isə 9881 nəfərdir. Xocavənd Rayon Məhkəməsi 2000-ci il tarixdə yaradılmışdır. Hazırda rayon erməni işğalı altında olduğunda Xocavənd Rayon Məhkəməsi öz fəaliyyətini Beyləqan rayonunun SMD-4 qəsəbəsində sürdürür. Xocavənd rayonu Beyləqan, Ağcabədi, Ağdam, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl və Füzuli rayonları ilə həmsərhəddir.