Kəngərli Rayon Məhkəməsi

Kəngərli Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Kəngərli rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon və məhkəmə haqqında qısa məlumat

Kəngərli Rayon Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb və 16 noyabr 2004-cü il tarixindən fəaliyyət göstərir. Məhkəmə tək hakimli məhkəmədir. Kəngərli Rayon Məhkəməsi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 20-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Bundan başqa, Kəngərli Rayon Məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikası qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Kəngərli Rayon Məhkəməsi Kəngərli rayonunun mərkəzində - Qıvraq qəsəbəsində ayrıca inzibati binada yerləşir. Müasir memarlıq üslubunda inşa edilmiş məhkəmə binası 17 aprel 2008-ci il tarixində istifadəyə verilmişdir. Burada məhkəmə fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsi üçün zəruri şərait yaradılmış, məhkəmənin yüksək statusunun tələb etdiyi şərtlərə əməl olunmuşdur. Bina köməkçi sahələrin, o cümlədən arxiv, qazanxana və 24 nəfərlik yeməkxananın yerləşdiyi zirzəmi qatından və xidməti otaqların, məhkəmə və konfrans zallarının yerləşdiyi iki mərtəbədən ibarətdir. Məhkəmə zalı binanın birinci mərtəbəsində yerləşir. Zalın sahəsi 85 kv.m, tutumu isə 40 nəfərdir. Məhkəmə zalının görkəmi və interyeri məhkəmənin yüksək statusunu təcəssüm etdirir. Məhkəmə zalında quraşdırılmış geniş monitor və videomaqnitofon məhkəmə dinləmələrinin daha keyfiyyətlə aparılmasına kömək edir. Məhkəmə kitabxanasının sahəsi 30 kv.m təşkil edən ayrıca otaqda fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsində yerləşən sahəsi 30 kv.m təşkil edən 20 nəfərlik konfrans zalı burada müxtəlif yığıncaqların keçirilməsinə imkan verir.

Kəngərli rayonu 19 mart 2004-cü il tarixli 608-IIQ nömrəli "Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yaradılıb. Rayonun mərkəzi Qıvraq qəsəbəsidir (2004).

01 may 2011-ci il tarixə olan məlumata əsasən rayonda əhalinin sayı 28548 nəfərdir. Rayonda 537 qaçqın ailəsində 2030 qaçqın, 77 məcburi köçkün ailəsində 292 məcburi köçkün yaşayır. Rayonun sahəsi 681,94 km-dir. Rayonda 10 kənd və bir qəsəbə var. Rayonun ərazisi şimaldan Ermənistan Respublikası, cənubdan İran İslam Respublikası, qərbdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, şimal-şərq və şərqdən Babək rayonu və Naxçıvan şəhəri ilə həmsərhəddir.