Kəlbəcər Rayon Məhkəməsi

Kəlbəcər Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Kəlbəcər rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Kəlbəcər - 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Rayonun səthi dağlıqdır. “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Kevli “çayın üstü”, çer/car “qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali AzərbaycandaErkən Çağ Türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

1993-cü ilin aprel ayının 2-dən Ermənistan opdusunun işğalı altındadır. İşğaladək Kəlbəcərdə 132 yaşayış məntəqəsi var idi, Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 1 faizini isə ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edirdi. 1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulmuşdur. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Rayonun ərazisi 1939 km², əhalisini sayı 68 min 517 nəfərdir. 2 qəsəbəsi 127 kəndi var. Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində Kəlbəcər rayonundan qaçqın və köçkün düşmuş əhali, respublikanın 56 rayonunu və 707 yaşayış məntəqəsində məskunlaşmışdır. İşğaldan sonra Kəlbəcər Rayon Məhkəməsi 1993-cü ilin aprel ayından Göygöl şəhərində fəaliyyət görsədir. Rayon Laçın, Tərtər, Gəncə şəhəri, Daşkəsən və Ermənistan Respublikası ilə həmsərhəddir.