Cəlilabad Rayon Məhkəməsi

Cəlilabad Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Cəlilabad rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Cəlilabad Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri eradan əvvəlki II minilliyə aiddir. Qədim mənbələrdə şəhərin 3 metr hündürlükdə möhtəşəm qala ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar şəhəri əyalətin mərkəzinə çevrilmişdir.

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır. Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Cəlilabad Azərbaycanda ən böyük üzümçülük bölgəsidir. Rayon ərazisindən Bolqorçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa çaylar keçir. İqtisadiyyatında taxılçılıq və heyvandarlıq da mühüm yer tutur. Rayonda 2 şəhər, 117 kənd vardır. Ərazisi 1441 km², əhalisi isə 196 min 500 nəfərdir (13 iyun 2011). Ermənilərin işğalçı siyasəti nəticəsində Cəlilabad rayonunda ümumilikdə sayı 14 nəfərdən ibarət olan 4 qaçqın ailəsi və 1301 nəfər olan 316 məcburi köçkün ailəsi məskunlaşmışdır. Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir.