Cəbrayıl Rayon Məhkəməsi

Cəbrayıl Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Cəbrayıl rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Çar Rusiyasının tərkibində olarkən 1897-ci ildə Cəbrayıl qəzası yaradılmışdır. Qəza indiki Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Qubadlı rayonunun Xanlıq kəndindən Araza və oradan Zəngilan rayonunun Bartas kəndinə qədər əraziləri əhatə etmişdir. Sonradan qəza bölgüsü ləğv edilərək Cəbrayıl rayonu 08 avqust 1930-cu ildə təşkil edilmiş və həmin ildə də Cəbrayıl Rayon Xalq Məhkəməsi (indiki Cəbrayıl Rayon Məhkəməsi) yaradılmışdır. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon Araz çayının sol sahili, cənubdan İranla, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır. Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində Ermənistan tərəfindən işğal olunmuşdur. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi.

Hazırda Cəbrayıl Rayon Məhkəməsi Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 1 saylı qəsəbədə fəaliyyət göstərir. Ermənilərin işğalçılıq siyasəti nəticəsində torpaqlarından didərgin düşmüş Cəbrayıl rayonunun əhalisi Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə 18.451 nəfər, Bakı şəhərində 30.971 nəfər, Sumqayıt şəhərində 5.387 nəfər, Abşeron rayonunda 3.715 nəfər və respublikanın 55 rayonunda 6.477 nəfər olmaqla ümumi sayı 65 min 1 nəfərdir. Rayonun ərazisi 1050 km²-dir.