İsmayıllı Rayon Məhkəməsi

İsmayıllı Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi İsmayıllı rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

İsmayıllı Rayon Məhkəməsinin binası

 

Rayon haqqında qısa məlumat

Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 21 noyabr 1931-ci ildə təşkil olunmuşdur. Həmin ildə İsmayıllı Rayon Xalq Məhkəməsi (indiki İsmayıllı Rayon Məhkəməsi) yaradılmışdır. İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi (3629 m), Əsəddağ (3471 m), Qaraburğa (3345 m), Şahnəzərdağ (2874 m) və Qəmçə dağıdır (2139 m). Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. İsmayıllıda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etdirilmişdir.

1967-ci il tarixdə İsmayıllı rayonuna rayon mərkəzi olmaqla İsmayıllı şəhəri status verilmişdir. Rayonda 2 şəhər tipli qəsəbə, 35 inzibati ərazi vahidi, 106 kənd vardır. Rayonun ümumi ərazisi 2074 km², əhalisinin sayı isə 81 min 52 nəfərdir (04 iyun 2011). Erməni işğalçılarının işğalçı siyasəti nəticəsində İsmayıllı rayonunda 725 qaçqın və 836 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon Quba, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay və Qəbələ rayonu həmsərhəddir.